ABŞ-İsrail-İran böhranı - Trampdan İrana son saatlarda sərt təhdid: “Bu gecə bir sivilizasiya yox ola bilər”

2026/04/1775582947.jpg
Oxunub: 684     21:27     07 Aprel 2026    
SON İNKİŞAFLAR

Trampdan İrana son saatlarda sərt təhdid: “Bu gecə bir sivilizasiya yox ola bilər”
İranda Xarq adasında partlayışlar qeydə alınıb
Tramp: İranda xilasetmə əməliyyatına orduda etiraz var idi; Hörmüz üçün son tarix qüvvədə qalır
İrandan atəşkəsə rədd cavabı: “Müvəqqəti deyil, daimi sülh istəyirik”

ABŞ prezidenti Donald Tramp İrana Hörmüz boğazını yenidən açması üçün verdiyi müddətin başa çatmasına saatlar qalmış sərt bəyanatlar verib.

Tramp “Truth Social” platformasında paylaşımında “Bu gecə bütün bir sivilizasiya yox olacaq və bir daha heç vaxt geri qayıtmayacaq” ifadələrini işlədərək İrana qarşı hərbi təhdidini artırıb.

Prezident daha əvvəl bildirmişdi ki, İran müəyyən edilmiş müddət ərzində razılaşmaya gəlməzsə, enerji infrastrukturu və nəqliyyat şəbəkələri hədəf alına bilər.

“Rejim dəyişikliyi” mesajı

Tramp açıqlamasında İranda “tam və hərtərəfli rejim dəyişikliyi” ehtimalına da toxunaraq bunun “inqilabi nəticə” verə biləcəyini iddia edib.

Bu bəyanatlar ABŞ-nin İrana qarşı hərbi variantları genişləndirə biləcəyi ilə bağlı qiymətləndirmələri gücləndirib.

Vens: “Son tarixə qədər intensiv danışıqlar olacaq”

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Trampın müəyyən etdiyi son tarix ərəfəsində diplomatik təmasların intensivləşəcəyini bildirib.

Vens Budapeştdə çıxışında deyib: “Bu andan son tarixə qədər çox sayda danışıqlar olacaq və ümid edirik ki, bu, müsbət nəticə verəcək”.

Mübahisəli infrastruktur hədəfləri

Tramp daha əvvəl İrandakı elektrik stansiyaları və körpülər kimi mülki infrastruktur obyektlərini hədəf ala biləcəklərini bildirmişdi. Ağ Ev bu cür hücumların müharibə cinayəti sayıla biləcəyi ilə bağlı tənqidləri rədd edib.

Qeyri-müəyyənlik davam edir

Tramp administrasiyası daha əvvəl də İrana qarşı müxtəlif son tarixlər müəyyən etmiş və onların bəzisini sonradan dəyişmişdi. Son inkişaflar tərəflər arasında diplomatiya ilə hərbi gərginlik arasında həssas balansın formalaşdığını göstərir.

Netanyahu: İsrail İranda dəmir yollarını və körpüləri vurub

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İrandakı dəmir yollarını və körpüləri hədəf aldığını açıqlayıb.

Televiziya ilə yayımlanan çıxışında Netanyahu bildirib ki, həmin infrastruktur İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən istifadə olunub. Lakin bu iddiaya dair müstəqil təsdiq təqdim edilməyib.

Netanyahu həmçinin bir gün əvvəl İsrail qüvvələrinin İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus olduğunu iddia etdiyi nəqliyyat təyyarələrini və çox sayda helikopteri məhv etdiyini deyib.

Netanyahu bildirib: “İranda rejimi sarsıtdığımızı davamlı olaraq deyirəm. Biz bunu daha böyük intensivlik və artan güclə edirik”.

İranda Xarq adasında partlayışlar qeydə alınıb

İranın neft ixracı baxımından kritik əhəmiyyətə malik Xarq adasında bir neçə partlayışın baş verdiyi bildirilib.

Yarımrəsmi Mehr xəbər agentliyi “bir neçə partlayış” baş verdiyini açıqlasa da, hadisənin səbəbi və mümkün itkilərlə bağlı məlumat verməyib.

Fars körfəzində yerləşən Xarq adası İranın neft ixracının böyük hissəsinin həyata keçirildiyi əsas terminal kimi tanınır.

Daha əvvəl hədəf alınacağı ilə təhdid edilmişdi

ABŞ prezidenti Donald Tramp daha əvvəl açıqlamalarında Xarq adasının hədəf alına biləcəyini bildirmişdi. Tramp martın 30-da sosial mediada paylaşımında İranın enerji infrastrukturu ilə yanaşı adanın da vurula biləcəyini qeyd etmişdi.

Müstəqil təsdiq yoxdur

Partlayışlarla bağlı məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib, lakin hadisənin regiondakı gərginliyi daha da artıra biləcəyi ehtimal olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin