Günün sonunda hakim “Gürcü Arzusu” partiyasının mətbuat xidməti məlumat yayıb ki, partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişvili Azərbaycan Prezidenti və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş Tbilisidə biznes mərkəzində keçirilib.
Gürcü mənbələrinə görə, Bidzina İvanişvili İlham Əliyevə Gürcüstana etdiyi səmərəli səfərə görə təşəkkür edib. İvanişvili həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycan Prezidentinin rolunu vacib hesab edib və vurğulayıb ki, bu məqsədlə Gürcüstan və Azərbaycanın hakimiyyətləri sülhün və iqtisadi inkişafın qorunması üçün maksimum səylər göstərməlidirlər.
Görüşdə energetika, nəqliyyat əlaqələri sahəsində əməkdaşlıq, həmçinin Gürcüstanda Azərbaycan investisiyaları ilə bağlı məsələlər müzakirə olunub. Əslində, Bidzina İvanişvili İlham Əliyevlə görüşündə Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə apardığı müzakirələri vurğulayıb. Bu isə o deməkdir ki, Gürcüstan-Azərbaycan əməkdaşlığı geosiyasi seçim məzmunu qazanır.
Həmin gün Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev də Gürcüstana gəlib. Daha əvvəl məlumat yayılmışdı ki, Avropa İttifaqının tələbləri səbəbindən Gürcüstan Rusiyadan neft alınması üzrə müqaviləni ləğv edib və onu Türkmənistan və Qazaxıstan nefti ilə əvəz etmək qərarına gəlib. Söhbət Kulevi limanında yerləşən və illik dörd milyon ton neft emal etmək gücünə malik neft emalı zavodundan gedir. Qazaxıstan və Türkmənistandan neft idxalını Gürcüstan yalnız Azərbaycan ərazisi vasitəsilə həyata keçirə bilər.
Hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili Rusiyaya meyilli siyasi xadim və Gürcüstanın faktiki lideri kimi tanınır. Gürcüstanda ABŞ Dövlət Departamentinin nümayəndə heyətinin səfəri gözlənilir. Martın son günü Gürcüstanın Baş naziri Kobaxidze ABŞ dövlət katibi Rubio ilə telefon danışığı aparıb. Görünür, İlham Əliyevin Gürcüstana dövlət səfərinin vaxtı təsadüfi seçilməyib.
Aqil Məmmədov
Ordu.az