Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, erməni general Qaqik Melkonyan bildirib.
O, Rusiyadan səsləndirilən hədələrə toxunaraq qeyd edib ki, əgər Ermənistan Aİ-yə üzv olarsa, Rusiya ilə hətta hava əlaqəsi də olmayacaq, erməni məhsullarının Rusiyaya ixracı baş tutmayacaq, oradakı ermənilərin biznesləri problemlərlə üzləşəcək, qazın qiyməti bahalaşacaq və s.
“İndi artıq xalqımız qərar verməlidir: ya Rusiya ilə, ya da Rusiyasız, Avropa ilə. İndi gördük ki, 1828-ci ildən təhlükəsizliyimizin təminatçısı olan və ən güclü müttəfiqimiz sayılan ölkə Overçuk vasitəsilə Türkmənçay müqaviləsinə qədər gedib çıxır və bizi hədələyir. Overçuk Türkmənçay müqaviləsini qəsdən vurğuladı, amma bir şeyi unutdu ki, o müqavilə vaxtı “Ermənistanın ərazisi” nə qədər idi, onlar Qafqaza və “Ermənistanın ərazisi”nə daxil olanda vəziyyət necə idi və indi nə qədər ərazi qalıb, Rusiya “Ermənistan torpaqları”nın nə qədərini digər xalqlara verib.
Bu məsələni xalq referendumla həll etməlidir, hara getmək istədiyini xalq özü müəyyən etməlidir, yoxsa məmurlar yox.
İndi iyunun 7-də də xalq qərar verəcək ki, indiki hakimiyyət qalacaq, yoxsa başqa hakimiyyət gələcək. Faktiki olaraq, Rusiya bizim daxili işlərimizə qarışıb və istəyir ki, rusiyapərəst partiyalar seçkilərdə iştirak etsin və istədiklərini etsinlər. İstəsələr rüşvət versinlər, istəsələr pul paylasınlar, tələb edirlər ki, hər şeyə icazə verilsin”, - deyə o bildirib.
Melkonyanı Rusiya prezidenti Putinin Qarabağ məsələsi ilə bağlı açıqlamaları da qəzəbləndirib: “O dedi ki, siz Praqaya getməsəydiniz və Qarabağı Azərbaycanın tərkibində tanımasaydınız, hər şey yaxşı olardı. Amma bizim ölkə rəhbəri ona dedi ki, axı siz bizdən əvvəl iki dəfə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanımışdınız. O bunu da unutmuşdu”.
“Əgər sabah Rusiya Zəmgəzuru Azərbaycanın tərkib hissəsi kimi tanısa, biz də bunu tanımalı olacağıqmı?” sualına erməni deputat bildirib: “Xeyr, biz artıq müstəqil dövlətik, kifayət qədər müstəqilləşmişik və həmin görüşdən gördük ki, rəhbərliyimiz müstəqilliklə bağlı xeyli problemləri həll edib. 2020-ci ildə Paşinyan-Putin görüşündə belə məsələlər müzakirə oluna bilməzdi, çünki o zaman Rusiya həlledici rol oynayırdı və Qarabağın təhlükəsizliyi onun əlində idi, Qarabağ isə həmişə bizi zəiflətmək, bizi forpost kimi saxlamaq üçün istifadə olunan alət olub”.
Putinin Ermənistan üçün qazın qiymətinin 177 dollar, Avropada isə 600 dollara çatdığı barədə açıqlamasına toxunan Melkonyan bildirib ki, Rusiya qazı bu qiymətə Ermənistana yox, rus “Qazprom Armeniya” şirkətinə satır, Ermənistan əhalisi isə qazı təxminən 400 dollara alır: “Rusiya bizə qazı 400 dollara satır. Əgər indi 400 dollardırsa, biz alternativ əldə edə bilərik, məsələn, İrandan qaz ala bilərik. İrandan Ermənistana daxil olan qaz boru kəməri ölkənin ehtiyacını qarşılayacaq həcmdədir. Üstəlik, İran qazı bu qədər bahalı deyil, Rusiya qazından daha ucuz olacaq”.
Rusiyada yaşayan ermənilərin bizneslərinin problemlərlə üzləşə biləcəyi, hava əlaqəsinin bağlana biləcəyi barədə fikirlərə cavab olaraq Melkonyan deyib: “Deyirlər ki, hava əlaqəsini bağlayacaqlar. Bundan təkcə biz zərər görəcəyik? Onlar daha çox zərər görəcək. Bəli, biz kiçik ölkəyik və həmişə belə diz çöküb yaşamalıyıq? Onlar nə deyirsə, onu etməliyik? Kiçik ölkəyik, amma ləyaqətlə yaşamalıyıq.
İndi bizim ölkə ABŞ ilə, İngiltərə ilə münasibətlər qurur, İtaliyaya təyyarə bileti 35-36 dollardır. İnsanlar Avropaya gedib işləyəcəklər. Bunların hamısı həll oluna bilən məsələlərdir, Avropada baş verənləri anlamadıqlarını demək olmaz.
Qarşımıza qoyulan bu ultimatum əsrlərdir mövcuddur. Ağrı dağı Türkiyəyə veriləndə də eyni ultimatum var idi, Qarsı, Ərdahanı verdik, Ermənistana gəldik. Eyni şeyi Qarabağda etdilər, bütün silahlarımızı verdilər, yenə Ermənistana gəldik. İndi yavaş-yavaş hara qədər gedəcək? Artıq son nöqtəyə çatmışıq, daha verəcək yer yoxdur. Diz çöküb yaşaya bilmərik, artıq yer qalmayıb.
Deyirsiniz ki, Zəngəzuru Azərbaycanın tərkib hissəsi kimi tanıyacaqlar, onlar bunu edə bilməzlər, çünki Zəngəzuru indi biz qoruyuruq, orada bizim qoşunlarımız var, rus qoşunu yoxdur, rus təminatı yoxdur”.
Erməni deputat bildirib ki, “TRIPP yolu”nun (Zəngəzur dəhlizi-red.) mövcudluğu Rusiyanı narahat edir və qəzəbləndirir, çünki onlar Cənubi Qafqazdakı imkanlarını itirirlər.
“Buna görə “ya-ya da” deyirlər, onlardan ayrılmaq bizim üçün çox çətin və ağrılı olacaq, amma elə bir vaxt gələcək ki, xalq qərar verəcək: ayrılmaq, yoxsa ayrılmamaq. Ola bilsin ki, xalq deyəcək ki, yox, biz ana Rusiya ilə sona qədər qalacağıq.
Rusiya Ermənistan dövlətinin olmasını istəmir. O istəyir ki, burası rus vilayəti olsun, özləri də qubernator təyin etsinlər, necə ki, əvvəllər olub.
Məsələn, Türkiyə ilə Ermənistanın hansı rəhbəri gedib birbaşa danışıb? Heç biri. Həmişə bizim əvəzimizə Rusiya məsələləri həll edib. Ərdoğanla biz oturub danışmalıyıq, Lavrovu göndərməməliyik ki, getsin nə deyirlər baxsın. Nəticədə biz qonşularımızla düşmən olaraq qalırıq.
Biz başa düşməliyik ki, bu düşmənçilikdən zərər görmüşük və bu düşmənçiliyi Rusiya qızışdırıb”, - deyə o qeyd edib.
“Rusiyadan gələn bu ultimatumlar fonunda Ermənistan hakimiyyəti nə etməlidir?” sualına cavab olaraq erməni general bildirib: “Xarici siyasətimiz yaxşı irəliləyir, baş nazir də dedi ki, “ya-ya da” zamanı gələndə xalq qərar verəcək. Avropaya getmək vaxt aparacaq və düşünmək üçün zaman var. Rusiya ilə isə indi də işləyirik, məhsullarımız orada satılır, onların məhsulları burada satılır, mehriban qonşuluq münasibətləri var.
Hər şey seçkilərdən sonra öz yerini tutacaq. Overçuk indi bizi qorxudur ki, seçkilərdə xalq səsini Samvel Karapetyana, Robert Köçəryana, Qaqik Tsarukyana, bu rusiyapərəst üçlüyə versin. Bəzi dairələr də deyir ki, baxın, başqa çıxış yolumuz yoxdur ki, seçkilərdə qalib gəlsinlər. Məsələ budur. Overçuk bir il əvvəl də eyni şeyi deyirdi, iki il əvvəl də eyni “plastinkanı qoyub səsləndirirdi”.
Alpər Mövludoğlu
Ordu.az