Bildirilib ki, İlham Əliyevlə təkbətək görüş zamanı Gürcüstan Prezidenti Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstəyə görə Azərbaycan Prezidentinə özünün və Gürcüstan xalqının adından minnətdarlığını ifadə edib.
Tbilisidə həmçinin İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüş keçirilib. İlham Əliyev və Kobaxidze əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar və sonda mətbuat üçün bəyanatlarla çıxış ediblər. İlham Əliyev çıxışında vurğulayıb: “Təbii ki, biz hər dəfə görüşəndə bir çox məsələləri müzakirə edirik, o cümlədən regional vəziyyət, regional təhlükəsizlik məsələlərini. Bu gün də istisna deyil. Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim”.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan və Azərbaycan arasında sülh prosesini alqışlayıb, Gürcüstanın regionda sülh şəraitində birgə yaşayışa, konstruktiv əməkdaşlığa və bütün yeni təşəbbüslərə güclü dəstək verdiyini bildirib. O, həmçinin lazım gəldiyi təqdirdə Ermənistan-Azərbaycan sülh prosesinə öz töhfəsini verməyə hazır olduğunu bir daha bəyan edib.
Tərəflərin açıq çıxışlarından belə nəticə çıxarmaq olar ki, əsas diqqət Cənubi Qafqazda sabitliyin qorunmasına və üç ölkə arasında sülh şəraitində birgə yaşayış və konstruktiv əməkdaşlıq perspektivlərinə yönəlib. İlham Əliyev və Kobaxidze, əlbəttə, ikitərəfli münasibətlərin strateji xarakterinə də toxunublar, lakin Gürcüstanın Baş naziri xüsusi olaraq vurğulayıb ki, Cənubi Qafqaz vahid strateji məkandır.
Aqil Məmmədov
Ordu.az