Rusiya Federasiyası Şurası sədrinin müavini qazın qiyməti ilə bağlı Simonyanın bəyanatına reaksiya verib

2026/04/1775495152.jpg
Oxunub: 485     21:04     06 Aprel 2026    
Rusiya Federasiyası Şurası sədrinin müavini Konstantin Kosaçev Ermənistan parlamentinin sədri Alen Simonyanın bəyanatına münasibət bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Siyasətçi qeyd edib ki, qazın hazırkı qiyməti Ermənistan iqtisadiyyatının bir çox sahələrinin inkişafı üçün güclü stimuldur. O, erməni həmkarlarını ədalətli təhlil aparmağa çağırıb.

“Ermənistan parlamentinin sədri Alen Simonyanın səsləndirdiyi rezonans doğuran bəyanat diqqət çəkdi. O bildirib ki, əgər Ermənistan üçün rus qazının qiymətinin artırılması ilə bağlı qərar qəbul olunsa, ölkə Avrasiya İqtisadi Birliyini və digər qurumları tərk edəcək.

Məsələnin bu cür qoyuluşu tam düzgün görünmür. Axı aprelin 1-də Ermənistanın baş naziri Nikol Paşinyan ilə danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin mövcud vəziyyətin dəqiq mənzərəsini təqdim edib: “Enerji daşıyıcılarının, qazın qiyməti Avropada 1000 kubmetr üçün 600 dolları keçir, halbuki Rusiya Ermənistana qazı 1000 kubmetr üçün 177,5 dollara təchiz edir”.

Qeyd edim ki, bu məlumat heç bir dinamika olmadan, sadəcə fakt kimi təqdim edilib. Bu, ölkənin bu gün yaşadığı və iqtisadiyyatını və sosial sahəsini inkişaf etdirdiyi reallıqdır, eyni zamanda ona mühüm rəqabət üstünlükləri verir. Bu reallıq Avropada və bütün dünyada mövcud olan ciddi enerji böhranı fonunda formalaşıb və bu böhran Rusiyanın deyil, digər ölkələrin fəaliyyətinin nəticəsidir.

Rus qazının hazırkı qiyməti həm Ermənistan iqtisadiyyatının bir çox sahələrinin inkişafı üçün güclü stimul, həm də ölkənin sosial və siyasi sabitliyinin mühüm amilidir.

Hesab edirəm ki, erməni siyasətçilər üçün qiymət siyasətində hipotetik dəyişikliklər üzərindən spekulyasiya aparmaqdansa Rusiyanın Ermənistana göstərdiyi bu həcmdə dəstəyi nəzərə almaq daha ədalətli və dürüst olardı”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin