Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində parlamentin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Hayk Sarkisyan məktəblərdən birində bir sinifdə bir nəfər istisna olmaqla bütün oğlanların Ermənistan vətəndaşlığından imtina etməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
“Bu, yeganə hal deyil. Məktəbi bitirdikdən sonra heç kimin orduya çağırılmadığı çoxlu siniflər var. Tanışlarınız varsa, xüsusilə elit hesab olunan məktəblərdə soruşa bilərsiniz ki, məsələn, 2025-ci ildə sizin məktəbdən neçə oğlan məzun olub və onların neçəsi orduya gedib. Sxem belədir: pulu olanlar 18 yaşına çatmadan vətəndaşlıqdan imtina edir. Bu pul Ermənistanda xərclənmir, xaricdə, daha çox Avropada, daha az Rusiyada xərclənir. Bunun nəticəsində pul Ermənistandan çıxır, həmin oğlanlar ehtiyatdan və ümumiyyətlə qeydiyyatdan çıxır və biz həm onları, həm də onların pullarını itiririk. Mən təklif etmişəm ki, bu sxemi bağlayaq və dəyişdirək ki, bu pullar Ermənistandan çıxmaq əvəzinə xidmət edən oğlanların cibinə daxil olsun.
Baxın, Daxili İşlər Nazirliyinin məlumatına görə, hər il 3000 oğlan vətəndaşlıqdan imtina edir. Biz deyirik ki, 15 milyon ver, bir ay xidmət et. Yəni sən qərar verirsən, 15 milyonu verib imtina edirsən və xidmət etmirsən, ya da eyni məbləği verib bir ay xidmət edirsən və bunun nəticəsində əgər bu 3000 nəfərdən 1000-ni xidmətə cəlb edə bilsəydik, 1000 nəfər daha çox çağırış əldə edərdik və tərxis olunanların hər biri 1,5 milyon alardı”, - deyə qeyd edib.
Sarkisyan, həmçinin bildirib: “Biz ildə təxminən 10 000 tərxis olunan şəxsə malikik, 15 milyard vəsait toplanardı və bölündükdə hər biri 1,5 milyon alardı. Yəni xidmətə gələn oğlan növbəti gündən fəhlə işləməyə başlasa belə, 15 milyon vəsaiti olardı, gedib institutda oxuya, noutbuk ala, IT mütəxəssisi ola bilərdi, yəni öz həyatını özü qura bilərdi və ya hansısa peşə ilə məşğul olmağa başlayardı, qaynaqçı olar, qaynaq aparatı alar və həyatını qurardı, qara işçi olmazdı, həyata başlamaq üçün ilkin kapitalı olardı.
İndi bizim həmkarlarımız qərar verdilər ki, bu imkanı vermək lazım deyil, hər şey əvvəlki kimi qalsın, yəni elit məktəblərdə yenə hamı vətəndaşlıqdan imtina etsin, xidmət etməsin, regionlarda isə 50% çağırış olsun”.
O qeyd edib ki, İrəvanda çağırışın səviyyəsi kritik dərəcədə aşağıdır: “Biz deyəndə ki, ölkə üzrə çağırış 30-35% təşkil edir, bu, regionların hesabınadır, İrəvanda isə 10-16%-dir. Elə il olub ki, 10% olub, yəni bərabərsizlik mövcuddur. Qanunun pozulması ilə demək istəyirlər ki, guya bu ədalətsizlik aradan qalxacaq, amma əksinə, bu ədalətsizlik daha da dərinləşəcək və bu məni narahat edir”.
Sarkisyan deyib ki, onun təklifi qəbul edilsə, şəxs 1 ay xidmət edəcək, ehtiyata daxil ediləcək və ehtimal olunan döyüş əməliyyatları və ya eskalasiya zamanı dövlət həmin şəxsi ehtiyatda saxlamış olacaq: “Yəni o, Rusiya vətəndaşı deyil, bir aylıq hazırlıq keçmiş hərbi qulluqçu olacaq və silahlı qüvvələrin sıralarını gücləndirə biləcək.
Bu yeni bir şey deyil. Türkiyədə, Qazaxıstanda, Yunanıstanda belə imkan var ki, insanlar 21 gün, 35 gün və ya bir ay sürətləndirilmiş qaydada xidmət edir və yaxşı hərbi qulluqçulara çevrilirlər. Əgər mənim təklif etdiyim formada təlimləri təşkil edə bilsək, bir ayda 1,5 ildəkindən daha yaxşı hərbi qulluqçu hazırlaya bilərik”.
Alpər Mövludoğlu
Ordu.az