“Köçəryan Andranik baş nazirə qarşı çıxıb və layihəni rədd edib” - Paşinyanın komanda yoldaşı ağlamaq istədiyini etiraf edib

2026/04/Ekran-1775473186.jpg
Oxunub: 521     15:02     06 Aprel 2026    
“Bəli, belə alındı ki, parlamentin müdafiə komissiyası qanun layihəsini iflasa uğratdı. Demək ki, məyusam və ya üzülürəm, bu, heç nə deməmək kimi bir şey olardı”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Hayk Sarkisyan öz müəllifi olduğu “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihəyə münasibət bildirərkən deyib.

“İllərdir ordudakı problemləri qeyd edərək məqsədim o olub ki, biz bu problemləri aradan qaldıraq və elə bir mühit yaradaq ki, orada ədalət olsun, varlıların övladları vətəndaşlıqdan imtina etməklə, saxta tibbi sənədlər düzəltməklə, ölkəni tərk etməklə, təhsil bəhanəsi ilə və ya başqa yollarla hərbi xidmətdən yayınmasın və xidmət yalnız əsasən sosial cəhətdən həssas təbəqənin üzərinə düşməsin.

Mən istəmişəm ki, biz bu şəxsləri məcburi xidmətə cəlb edək və eyni zamanda onlardan böyük məbləğdə vəsait toplayaq ki, bunu tam müddət xidmət edən hərbi qulluqçulara yönəldək.

Komanda layihəni dəstəkləyib, komanda deyəndə baş naziri və hökuməti nəzərdə tuturam. Siz 2025-ci il mayın 22-də keçirilmiş hökumət iclasına baxa bilərsiniz, orada müdafiə naziri, xarici işlər naziri, baş nazirin müavinləri layihəni müdafiə edir və o, yekdilliklə müsbət rəy alır.

Qısaca deyim nə baş verib. Müsbət rəy ilə parlamentə təqdim olunan layihə ilə bağlı Köçəryan Andranik mənə dedi ki, mən Amerikaya gedirəm, nazirlə, hamı ilə danışmışam, hamı lehinədir, çox yaxşı layihədir, gedib qayıdım, layihəni keçirək”, - deyə o qeyd edib.

Sarkisyan sözlərinə davam edərək bildirib: “Dedim ki, hörmətli Köçəryan, əgər sən Amerikaya getsən, bu qanun altı ay təxirə düşəcək, çünki biz sessiyanın sonuna qədər vaxt çatdıra bilməyəcəyik, biz bu gün iclas keçirməliyik ki, yay çağırışına qədər bu problemləri həll edək. Hər gün səkkiz nəfər vətəndaşlıqdan imtina edir, bir o qədər də saxta tibbi sənədlərlə azad olunur. Yəni hər gün təxirə düşdükcə biz əsgər itirəcəyik. Bundan əlavə, müzakirələr başladığı üçün insanlar prosesi sürətləndirəcək, saxta sənədlər düzəltmə və vətəndaşlıqdan imtina halları artacaq.

O dedi yox, mən Amerikaya gedib gələcəyəm, sonra edəcəyəm, mən olmadan iclas keçirməyin. Gələrəm, lazım olsa, 24 saatlıq rejimdə layihəni keçirərik, hamı dəstəkləyir. O, Amerikaya gedir, bundan sonra biz iclas təyin edirik, amma məlum səbəblərdən kvorum olmadığı üçün iclas baş tutmur və bu prosesdə onun da rolu olub.

Sonra Köçəryan Andranik qayıdanda deyir ki, bu nə layihədir, ilk dəfə belə bir şey görürəm, necə ola bilər ki, insan pul verib qısa xidmət etsin.

Dedim ki, hörmətli Köçəryan, biz razılaşmışdıq, baş nazirin, iki baş nazir müavininin, aparat rəhbərinin, Baş Qərargah rəisinin, Milli Təhlükəsizlik Xidmətinin direktorunun, İstintaq Komitəsinin rəhbərinin, baş prokurorun, bir neçə nazir və nazir müavinlərinin iştirakı ilə 2024-cü ildə layihəni təqdim etmişəm, sən də orada olmusan və heç bir etiraz bildirməmisən. Baş nazirin qərarı ilə yaradılmış idarələrarası komissiyanın daimi üzvüsən, altı ay ərzində dəfələrlə müzakirələr aparmışıq, bir dəfə də deməmisən ki, əleyhinəsən. Amerikaya getməzdən əvvəl demisən ki, dəstəkləyirəm, indi qayıdıb deyirsən ki, əleyhinəyəm. O da dedi ki, bəli, əleyhinəyəm və belə səs verəcəyəm və nəticədə layihə iflasa uğradı”.

Sarkisyan qeyd edib ki, bu uğursuzluq nəticəsində vətəndaşlıqdan imtina edənlərin sayı 44 faiz artıb: “Əvvəllər ildə 2000 nəfər imtina edirdi, bu rəqəm təxminən 3000-ə çatdı. Orduda bu kimi qüsurlu problemlər mövcuddur və belə çıxır ki, şəxsi ambisiya ucbatından biz ən vacib layihələrdən birini itirdik.

Kim kiminlə danışıb, kimə nə deyilib ki, əleyhinə səs verin, bunu deyə bilmərəm, amma bir şeyi bilirəm ki, mənim fikrimcə, baş nazir layihəni bəyənmişdi. O, bunu mənə birbaşa deməyib, amma mənim xahişlərimə həmişə müsbət yanaşıb, görüşlər, müzakirələr təşkil edib, onun qərarı ilə işçi qrup yaradılıb və mən hesab edirəm ki, bu layihəni məntiqli hesab edib. Hökumət müsbət rəy verib, baş nazir də deyir ki, hökumət mənəm, deməli baş nazir buna qarşı ola bilməzdi”.

Erməni deputat “Belə çıxır ki, Andranik Köçəryan bu səsvermə ilə Nikol Paşinyana da qarşı çıxıb?” sualına belə cavab verib: “Mənim dediklərimdən belə nəticə çıxara bilərsiniz.

Mən dövlət üçün qanun layihəsi təqdim edirəm və bunu əsaslandırmalarla sübut edirəm, bu da hökumətin qərarı ilə təsdiqlənir. Kimsə məni sevməyə bilər, kiminləsə şəxsi və ya qeyri-şəxsi problemim ola bilər, ya da sadəcə məni bəyənməyə bilər, amma şəxsi ambisiya, simpatiya və ya kin səbəbilə dövlət üçün bu qədər vacib layihəni iflasa uğratmaq... indi imkanım olsa, bəlkə də ağlayaram. Çünki bu qəbuledilməzdir, belə şey ola bilməz ki, şəxsi problemə görə dövlət üçün vacib layihəni məhv edəsən, sonra da fəxr edəsən ki, bax, Sarkisyan Haykı dayandırdım, bacarmadı.

Bəs demirsən ki, ordunun gözünü çıxarırsan, çağırış kritik vəziyyətdədir, qoşunların sayı 14 il ərzində 44000-dən 14000-ə düşüb. Deyirəm ki, gəlin tədbir görək, amma onlar aralarında danışıb deyirlər ki, Sarkisyan Hayk bunu öz PR-i üçün edir. Mən bunu ordu üçün edirəm, PR üçün etsəydim, 50 il fraksiya deputatı olardım.

Bu məsələləri qaldırdığıma görə nazirlərlə və icra hakimiyyətinin nümayəndələri ilə münasibətlər pozulur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Sarkisyan  


Bizi "telegram"da izləyin