Ermənistanın sabiq XİN rəhbəri: “Əgər Paşinyan imkan tapsaydı, İrəvanda Avropa Siyasi Birliyinin görüşünü ləğv etməyə çalışardı”

2026/04/1775462239.jpg
Oxunub: 467     11:58     06 Aprel 2026    
“Ermənistanlı seçici artıq başa düşüb ki, Paşinyan üslubunda birtərəfli və heç bir nəticə verməyən “Avropa reveransları” Ermənistan üçün olduqca məzmunsuz və hətta təhlükəlidir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan özünün “Facebook” səhifəsində yazıb.

“Keçən il Nikol Paşinyan xahiş etmişdi ki, Avropa Siyasi Birliyinin görüşlərindən biri İrəvanda keçirilsin və bunu Ermənistanın həlledici parlament seçkilərindən cəmi bir ay əvvələ planlaşdırmışdı.

Hesablama aydın idi: Avropa liderlərinin iştirakından istifadə edərək daxili siyasi reytinqi artırmaq. Lakin o zaman artıq qısagörən qərar olan bu addım bu gün siyasi yükə çevrilib. Əgər bir şey aydındırsa, o da budur ki, bu görüş Paşinyanın xeyrinə yox, daha çox onun əleyhinə işləyəcək. Ermənistanlı seçici artıq başa düşüb ki, Paşinyan üslubunda birtərəfli və heç bir nəticə verməyən “Avropa reveransları” Ermənistan üçün olduqca məzmunsuz və hətta təhlükəlidir”, - deyə o qeyd edib.

Oskanyan bildirib ki, regional vəziyyət kəskin şəkildə pisləşib.

“Qonşu İranda müharibə gedir, gərginliklər çoxalıb və Ermənistan daha həssas mövqedə qalıb. Avropa İttifaqı birbaşa müharibədə iştirak etməsə də, İrana qarşı açıq şəkildə mənfi münasibətdədir. Eyni zamanda, rəsmi Avropa İttifaqının Rusiyaya qarşı mənfi mövqeyi də açıqdır. Üstəlik, bir neçə gün əvvəl Moskvada keçirilən Paşinyan-Putin görüşü vəziyyəti daha da gərginləşdirdi, belə ki, diplomatik incəliklər gözlənilmədən Paşinyan faktiki olaraq seçim qarşısında qoyuldu: Avropa, yoxsa Avrasiya İttifaqı?

Bu şəraitdə Avropa Siyasi Birliyinin yüksək səviyyəli görüşünə ev sahibliyi etmək artıq siyasi üstünlük deyil, riskdir. Ermənistana ehtiyatlı, hesablanmış xarici siyasət lazımdır, seçkiöncəsi nümayiş xarakterli addımlar yox”, - deyə o vurğulayıb.

Oskanyanın qiymətləndirməsinə görə, bu səbəbdən belə nəticəyə gəlmək çətin deyil ki, əgər bu gün belə imkan olsaydı, Paşinyan İrəvanda planlaşdırılan görüşü ləğv etməyə çalışardı.

“Lakin o bunu edə bilmir. İndi isə şəxsi siyasi üstünlük kimi nəzərdə tutulan bu addım hakimiyyətpərəstliyin milli maraqlara necə zərər verə biləcəyinin növbəti sübutuna çevrilmək riski daşıyır. Xüsusilə də Paşinyanın hakimiyyəti dövründə dəfələrlə artmış Rusiyadan iqtisadi asılılıq münasibətlər gərginləşəcəyi halda hər bir Ermənistan vətəndaşına təsir edəcək”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Oskanyan  


Bizi "telegram"da izləyin