Ermənistanın daxili siyasi hesablaşması: 44 günlük müharibənin məsuliyyəti uğrunda mübarizə

2026/04/1775387367.jpg
Oxunub: 770     15:08     05 Aprel 2026    
Ermənistan Respublikaçılar Partiyasının 18-ci qurultayında Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan çıxışı zamanı 2016-cı ilin Aprel döyüşlərini və ümumilikdə müharibə mövzusunu diqqətdən kənarda qoymayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Serj Sarkisyan Onik Qasparyanın müharibəni dayandırmaq təklifini dəstəkləyib və Paşinyanı danışıqlar üzrə razılaşmanı pozmaqda ittiham edib” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, o, əvvəlcə “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) tanınıb-tanınmaması fonunda 2016-cı il aprelin 4-də ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşünü xatırladıb.

“Ermənistan 1994-cü il atəşkəs sazişinin tərəfi kimi “Qarabağ əhalisi”nin (Qarabağdan könüllü şəkildə köç etmiş şəxslər-red.) təhlükəsizliyinin təmin olunması üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməyə davam edəcək. Bundan əlavə, mən Xarici İşlər Nazirliyinə “Qarabağ” ilə hərbi qarşılıqlı yardım müqaviləsinin imzalanması istiqamətində işləməyi tapşırmışam. Və burada qeyd etməliyəm ki, bir dəfə deyil, dəfələrlə bəyan etmişəm ki, əgər hərbi əməliyyatlar həqiqətən davam edərsə və genişmiqyaslı xarakter alarsa, Ermənistan “Qarabağın müstəqilliyi”ni tanıyacaq”, - deyə Serj Sarkisyan ATƏT-ə üzv dövlətlərin səfirlərini xəbərdar etmişdi.

Müəllif qeyd edib ki, niyə de-yure “Qarabağ”-Ermənistan” strateji ittifaqı planı həyata keçirilmədi, bu, ayrıca müzakirə mövzusudur.

“Üstəlik, belə müzakirələr 2018-ci il hakimiyyət dəyişikliyindən sonra da aparıldı, demək olar ki, həmin dövrdə Nikol Paşinyan “Qarabağ Ermənistandır, vəssalam” bəyanatını verirdi.

Serj Sarkisyan qurultay zamanı “Qarabağın müstəqilliyi”nin niyə de-yure tanınmadığını da izah edib:

“2008-ci ildə Azərbaycan daxili siyasi qarışıqlıqlardan istifadə edərək “diplomatik hücum” həyata keçirdi və BMT Baş Assambleyasında “Madrid prinsipləri”nə zidd qətnamə qəbul etdirdi. Həmin qətnaməyə ATƏT-in Minsk qrupunun həmsədri olan bütün ölkələr qarşı səs verdi. O, həmçinin Avropa İttifaqına üzv dövlətlərin dəstəyini almadı. Və həmin vaxt biz Minsk qrupunun həmsədr ölkələrinə çatdırmışdıq ki, Ermənistan iki halda “Qarabağın müstəqilliyi”ni tanıyacaq: birincisi, uzunmüddətli və genişmiqyaslı müharibə olarsa, ikincisi, əgər Minsk qrupunun həmsədrləri Azərbaycanın diplomatik təzyiqlərini cilovlamasa və Qarabağ məsələsinin həllini başqa, o cümlədən BMT Baş Assambleyasının platformasına keçirməyə imkan versə. Ermənistanın indiki rəhbərləri bu məsələ ilə manipulyasiya etdikdə, cavabım aydındır: “Qarabağın tanınması” bu iki haldan kənarda Ermənistanın beynəlxalq təcridinə və genişmiqyaslı müharibəyə gətirib çıxarardı. Əvvəlkilərin dövründə genişmiqyaslı müharibə olmayıb, bu da bizim “döyüş qabiliyyətli ordumuz və effektiv diplomatik fəaliyyətimiz” sayəsində olub, buna görə də danışıqlar prosesi zərbə altında qalmayıb.

Onların dövründə isə 2020-ci ilin müharibəsi artıq genişmiqyaslı idi, fəlakətli nəticələrə gətirib çıxardı və qorxaq populistin ucbatından dayandırılmadı, 44 gün davam etdi ki, ona xəyanətkar deməsinlər.

Sual verirəm, əgər bütün bu amillər, vasitəçilik səylərinə baxmayaraq dayanmayan genişmiqyaslı və uzunmüddətli müharibə var idisə, onda niyə “Qarabağ”ı tanımadınız və bundan sonra nə baş verə bilərdi? Və bu cür iddialar kənardan səsləndikdə ki, hətta siz də tanımadınız, bizdən nə istəyirsiniz, başa düşürəm niyə, hansı siyasi məqsədəuyğunluqdan və ya anlıq maraqlardan çıxış edərək bunu edirlər. Amma danışıqlar prosesinin iştirakçıları hələ də var, məgər onlar bilmirdilər ki, məhz ATƏT Minsk qrupunun həmsədrləri ilə tələsməmək, müharibəni təhrik etməmək, Minsk qrupunun işini iflasa uğratmamaq barədə razılaşmışdıq?”, - deyə məqalədə qeyd edilib.

Məqalə müəllifinin sözlrinə görə, yəni Serj Sarkisyan deyir və bəlkə də anlatmaq istəyir ki, siyasi və diplomatik razılaşmaları pozmaq olmaz, “Qarabağın öz müqəddəratını təyinetmə hüququ” ətrafında danışıqlar aparılıb, lakin “Qarabağın müstəqilliyi” tanınmayıb, çünki söz verilmişdi, genişmiqyaslı müharibə baş vermədiyi halda bu addım atılmayacaq.

“Burada 44 günlük müharibə zamanı İlham Əliyevin Nikol Paşinyanı ittiham etdiyi məsələ də xatırlanır ki, “Qarabağ Ermənistandır, vəssalam” bəyanatı “lift razılaşmalarından” kənar idi.

Bu kontekstdə 2016-cı ilin Aprel döyüşlərinin günlərinə qayıdaq və sübut kimi Serj Sarkisyanın qurultayda səsləndirdiyi başqa bir fikrə, ordunun və diplomatiyanın bir-birini tamamladığına dair bir epizodu xatırladaq.

2016-cı il aprelin 3-də Ermənistanda akkreditə olunmuş xarici dövlətlərin səfirliklərinin hərbi attaşeləri ilə görüş zamanı David Tonoyan açıq şəkildə bəyan etmişdi: “Erməni tərəfi zərurət yaranarsa, hətta “Qarabağın müdafiəsi”nə birbaşa hərbi dəstəyə qədər istənilən inkişaf variantına hazırdır”, - deyə nəşr vurğulayıb.

Müəllifin sözlərinə görə, bununla yanaşı, 44 günlük müharibədən sonra “168.am”a müsahibəsində keçmiş xarici işlər naziri Ara Ayvazyan etiraf etmişdi ki, ordu ilə Xarici İşlər Nazirliyi arasında əlaqə yaxşı işləmirdi.

Məqalədə bildirilib ki, Ayvazyan davam edərək qeyd etmişdi: “Qarşılıqlı tamamlanma olmalıdır. Lakin güc strukturları, təhlükəsizlik və diplomatiya, xüsusilə bizim kimi ölkə üçün vahid və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidir. Bu üçlük, yəni təhlükəsizlik-ordu-Xarici İşlər Nazirliyi mütləq olmalıdır”.

“Bir vaxtlar biz hərbi rəhbərlik, xarici siyasətə cavabdeh şəxslər və diplomatiyanın məsuliyyət payına da toxunmuşduq, məğlubiyyətə görə təkcə ordu cavab verə bilməz.

Serj Sarkisyan isə Ermənistan Respublikaçılar Partiyasının 18-ci qurultayında çıxışının bir hissəsində, əslində, dolayısı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın müharibənin 4-cü günü Təhlükəsizlik Şurasının iclasında Paşinyana etdiyi təklifi müdafiə edib.

Qeyd edək ki, general-polkovnik Onik Qasparyan 2020-ci il noyabrın 17-də yaydığı müraciətdə bir mühüm məqamı açıqlamış və belə demişdi:

“Müharibənin dördüncü günü Təhlükəsizlik Şurasının iclası zamanı biz itkilərimizi və yaranmış vəziyyətlə bağlı silahlı qüvvələrin qiymətləndirməsini təqdim etdim və qeyd etdim ki, iki-üç gün ərzində müharibəni dayandırmaq üçün tədbirlər görülməlidir, əks halda bu intensivliklə aparılan döyüş əməliyyatları şəraitində resurslarımız qısa müddətdə tükənəcək və hər növbəti gün danışıqlar prosesi üçün daha əlverişsiz şərtlər yaranacaq. Mən bu cür qiymətləndirmələri baş nazir ilə fasiləsiz iş zamanı, eləcə də Təhlükəsizlik Şurasının iclaslarında dəfələrlə təqdim etmişəm”.

Daha sonra general Onik Qasparyan öz bəyanatında davam edərək bildirib: “Müharibəni müəyyən mərhələdə dayandırmaq üçün bütün cəhdlər və təkliflər Türkiyə və Azərbaycan tərəfindən rədd edilib və biz düşmənə böyük itkilər verməyə məcbur etmək və onu danışıqlar masası arxasına gətirmək məqsədilə döyüş əməliyyatlarını davam etdirməyə məcbur olmuşuq”.

Müharibənin ilk günlərində verdiyimiz insan, hərbi-texniki və ərazi itkilərinə baxmayaraq, Onik Qasparyanın bu təklifinin əsasında, əvvəl də qeyd etdiyimiz kimi, ilk növbədə geosiyasi vəziyyət, müttəfiqlərin və tərəfdaşların bizə münasibəti və diplomatik imkanlarımız nəzərə alınıb”, - deyə müəllif yazıb.

Nəşrə görə, yəni Ermənistan Baş Qərargah rəisi xəbərdarlıq edib ki, hər keçən gün danışıqlar prosesi üçün zərərli olacaq.

“Ordu 44 gün ərzində bu və ya digər şəkildə müqavimət göstərə bilib, hətta bizim məlumatımıza görə, Baş Qərargah müharibənin daha bir neçə gün davam etməsini də nəzərdə tutmuşdu. Burada maraqlı bir məqam da var: müharibədən sonra İlham Əliyev qeyd etmişdi ki, böyük itkilərdən qaçmaq üçün Azərbaycan üçün də müharibəni noyabrın 9-da dayandırmaq əlverişli idi.

Aprel döyüşləri ilə 44 günlük müharibə zamanı dövlətin və hakimiyyətin fəaliyyət üslubu arasında müəyyən müqayisələr apararkən, bu heç də o demək deyil ki, 2016-cı ildən əvvəl və sonra, o cümlədən ordu ilə bağlı yerinə yetirilməmiş və ya gecikmiş addımlar olmayıb, əlbəttə, olub. Bu da o demək deyil ki, Ləltəpə strateji əhəmiyyətli yüksəklik deyildi kimi dövriyyəyə buraxılmış tezisi düzgün hesab edirik. Xeyr, belə deyil.

Başqa məsələ isə budur ki, 44 günlük müharibə zamanı ordunun nəzarətində olan Kəlbəcəri, Ağdamı, Laçını Azərbaycana təhvil verən indiki hakimiyyətin bu mövzunu bayraq etməyə haqqı varmı? Halbuki onların dövründə “Ermənistanın strateji yüksəklikləri” də Azərbaycanın nəzarətinə keçib və onların oradan geri çəkilməsi çətin görünür.

Yeri gəlmişkən, tez-tez müzakirə olunur ki, Aprel döyüşlərində biz qalib gəlmişik, yoxsa...?”, - deyə məqalədə bildirilib.

Müəllif yazıb ki, 2016-cı ilin aprelində Vyanadan qayıdarkən təyyarədə Ermənistan televiziya kanallarına verdiyi müsahibədə Serj Sarkisyan bu suala açıq cavab vermişdi.

“Xüsusilə, o demişdi ki, Aprel hadisələrini yekunlaşdırmaq üçün “qələbə” sözünü işlədə bilər, lakin ən düzgün ifadə budur: “silahlı qüvvələr qarşıya qoyulmuş vəzifəni yerinə yetirərək rəqibin planını, erməni cəbhəsini yarmaq və dağıtmaq planını “iflasa uğratdı”.

2020-ci ilin avqustunda jurnalistlərlə görüşdə isə demək olar ki, eyni məntiqdə bildirib ki, Azərbaycan dördgünlük müharibə zamanı qarşısına qoyduğu hərbi-siyasi və hərbi əsas məqsədlərə, danışıqlar prosesini dəyişmək məqsədinə (guya-red.) “nail ola bilmədi”.

Qeyd edək ki, Aprel döyüşlərindən sonra Vyana və Sankt-Peterburq razılaşmaları əldə olunmuşdu və Nikol Paşinyanın hakimiyyəti bunları bir kənara qoydu. Aprel müharibəsi mövzusu Bakıdakı məhkəmə prosesi zamanı da gündəmə gəlib və “müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) keçmiş komandiri Levon Mnatsakanyan məhkəmədə belə demişdi: “Aprel döyüşləri günlərində “müdafiə ordusu” hücum edən tərəf olmayıb”.

Bəs Nikol Paşinyan nə vaxtsa birbaşa Vladimir Putini Aprel döyüşlərini təşkil etməkdə ittiham edibmi? Halbuki bunu dolayı yolla edib, bu isə sual olaraq qalır…”, - deyə məqalədə qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Qasparyan   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin