Pulun ucuzlaşması və kreditlərin bahalaşması: Paşinyan hakimiyyəti niyə banklara kart-blanş verib?

2026/04/1775386362.jpg
Oxunub: 666     14:55     05 Aprel 2026    
Hakimiyyət banklara azadlıq verib, banklar da bu azadlıqdan istifadə edir. Vasitəçilik xidmətləri üçün ümumi şəkildə yüksək qiymətlər müəyyən etməklə illərdir vətəndaşların və biznesin cibini boşaldırlar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Pulun ucuzlaşması və kreditlərin bahalaşması: hakimiyyət niyə banklara kart-blanş verib?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi”nin nümayəndələri, vaxtilə bankların talanla məşğul olduğunu deyənlər, bank sistemini vətəndaşların və biznesin başına bəla ediblər. Geniş narazılıqlara baxmayaraq, bankların iştahasını cilovlamaq üçün heç nə etmirlər.

“Kütləvi etirazlardan sonra, son vaxtlar Mərkəzi Bank kiçik biznes üçün bank kartları ilə həyata keçirilən nağdsız ticarət zamanı tutulacaq komissiyaları bir qədər azaltmağa qərar verdi. Amma bunu kiçik bizneslə bağlı narahat olduqları və bankların iştahasını cilovlamaq istədikləri üçün yox, seçkilər ərəfəsində hakimiyyətin maraqları belə tələb etdiyi üçün etdilər. Görünür, banklar bu vəziyyətdən də çıxış yolunu tapıblar. Onlar bu “itkiləri” digər xidmətləri bahalaşdırmaqla kompensasiya etməyə qərar veriblər.

Bankların iştahası xüsusilə kredit bazarında böyükdür. Son bir neçə ildə pulun əhəmiyyətli dərəcədə ucuzlaşmasına baxmayaraq, kredit faizlərini azaltmaq istəmirlər. Söhbət Mərkəzi Bankdan çıxan pulun qiymətindən gedir.

Üç il əvvəl Mərkəzi Bankdan çıxan pulun qiyməti 10.75 faiz idi, bu gün isə cəmi 6.50 faiz təşkil edir. 4.25 faiz bəndi azalıb.

Bu, pulun ciddi ucuzlaşması deməkdir və bu da o deməkdir ki, banklar da vətəndaşlara və biznesə təqdim etdikləri kreditlərin faizlərini azaltmalı idilər. Lakin banklar hakimiyyətin himayəsi və dəstəyindən istifadə edərək kreditlərin qiymətini yüksək səviyyədə saxlayırlar. Onlar nəinki kredit faizlərini azaltmırlar, hətta artırırlar”, - deyə müəllif qeyd edib.

Nəşr vurğulayıb ki, üç il əvvəl 1 ilə qədər müddətə dramla verilən kreditlərin orta faiz dərəcəsi bank sistemində 11.76 faiz idi. Həmin dövrdə pulun qiyməti və ya yenidən maliyyələşdirmə dərəcəsi olduqca yüksək idi və son illərin pik səviyyəsində, 10.75 faiz idi. Buna baxmayaraq, kredit faizləri indiki ilə müqayisədə xeyli aşağı idi.

“Bir il sonra, 2024-cü ilin yanvarında pulun qiyməti 9.25 faiz oldu, lakin qısamüddətli dram kreditlərinin orta faiz dərəcəsi 11.76 faizdən 12.76 faizə yüksəldi. Yəni pulun qiyməti 1.5 faiz bəndi azaldığı halda, kreditlər 1 faiz bəndi bahalaşdırıldı.

Növbəti mərhələdə, 2025-ci ilin yanvarında Mərkəzi Bankdan çıxan pulun qiyməti kəskin şəkildə düşərək 7 faiz oldu, lakin 1 ilə qədər müddətə dram kreditlərinin faizləri artmağa davam edərək 13 faizə çatdı. Bu ilin əvvəlində banklar bu tip kreditləri yenidən bahalaşdırıblar. Hazırda Mərkəzi Bankdan çıxan pulun qiyməti 6.50 faizdir, qısamüddətli dram kreditlərinin orta faiz dərəcəsi isə rekord həddə, 13.41 faizə çatıb.

Üç il ərzində pul 4.25 faiz bəndi ucuzlaşdığı halda, 1 ilə qədər müddətə dram kreditləri ucuzlaşmaq əvəzinə 1.65 faiz bəndi bahalaşıb. Bu tip kreditlər üzrə bank marjası artıq inanılmaz dərəcədə yüksəkdir. Bunun nəticəsində banklar böyük gəlirlər əldə edir və bu gəlirlər ilk növbədə vətəndaşların hesabına formalaşır. Çünki qısamüddətli dram kreditləri əsasən istehlak kreditləridir və vətəndaşlar məişət problemlərini həll etmək üçün çox vaxt onlardan istifadə etməyə məcbur olurlar”, - deyə məqalədə bildirilib.

Məqalə müəllifinin sözlərinə görə, cəmi 3 il əvvəl qısamüddətli dram kreditləri üzrə bank marjası cəmi 1 faiz bəndi idi, indi isə demək olar ki, 7 dəfə artıb.

“Bu kreditlərin qiyməti yenidən maliyyələşdirmə dərəcəsini iki dəfədən çox üstələyir. Bu isə o deməkdir ki, banklar Mərkəzi Bankdan 6.50 faizlə cəlb etdikləri vəsaiti ən azı ikiqat baha faizlə vətəndaşlara təqdim edirlər.

Belə üsullarla vətəndaşların hesabına gəlir əldə edilir, hakimiyyət isə buna laqeyd yanaşır. Hətta daha da irəli gedərək bankların kredit faizlərini azaltmaması üçün şərait yaradır. Bunun üçün isə kredit faizlərini subsidiya etmək və tələbi süni şəkildə yüksək saxlamaq kifayətdir.

İndi isə seçkilər ərəfəsində fermerlərə faizsiz kreditlər verməyə qərar veriblər. Faizsiz o mənada ki, həmin faizləri fermerlərin əvəzinə dövlət büdcəsi ödəyəcək. Bundan yenə banklar qazanacaq. Zərər çəkən isə, təbii ki, dövlət büdcəsidir. Amma buna kim diqqət yetirir, dövlətin pulu sahibsizdir və hakimiyyət siyasi məqsədlər naminə belə xərclərə yol verə bilər. Büdcədən pul çıxarılıb bankların cibinə yönəldilir”, - deyə nəşr vurğulayıb.

Məqalədə qeyd edilib ki, son məlumatlara görə, bank sisteminin kredit portfeli təxminən 21 milyard dollara çatır, bunun ən böyük hissəsini isə məhz qısamüddətli dram kreditləri təşkil edir.

“Bu tip kreditlərin həcmi təxminən 5 milyard dollara yaxındır. Bu kreditlər nəinki bahadır, həm də gördüyümüz kimi, getdikcə daha da bahalaşır. Hakimiyyət isə bankların iştahasını cilovlamaq üçün heç bir addım atmır.

Mərkəzi Bankın pulun qiymətini azaltmaq istiqamətində atdığı addımlar da, ilk baxışdan bankları kredit faizlərini azaltmağa “məcbur etməli” olsa da, nəticə vermir. Lakin kiçik biznes üçün ticarət vasitəçiliyi haqlarını məhdudlaşdırdıqları kimi, kredit faizlərini məhdudlaşdırmaq niyyətində deyillər. Banklar da, aydın səbəblərə görə, öz iştahalarını könüllü şəkildə məhdudlaşdırmağa meylli deyillər.

Beləliklə, mümkün qədər bahalı kreditlərlə insanlara təzyiq göstərilir və bankların maraqları irəli çəkilir. Bazar qiymətqoyma mexanizmi və tələb bəhanə edilərək kreditlərin qiyməti süni şəkildə yüksək saxlanılır”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Pul   Kredit  


Bizi "telegram"da izləyin