Erməni siyasi şərhçi: “Hakimiyyət öz təhlükəsizliyi və iqtisadiyyatı üzərində “mərc” qoyaraq fəaliyyət göstərə bilməz”

2026/04/1775383832.jpg
Oxunub: 481     14:15     05 Aprel 2026    
“Parlamentin sədri Alen Simonyanın mümkün iqtisadi təzyiqlər halında Ermənistanın KTMT-dən və AİB-dən çıxması ilə bağlı “cavab addımı” barədə bəyanatı daha ciddi bir problemi, dövlət siyasi düşüncə böhranını üzə çıxarır”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Suren Surenyants yazıb.

Onun sözlərinə görə, bu, elə bir düşüncə modelidir ki, burada dövlət sınaq meydanı kimi, xarici siyasət isə riskli mərc zənciri kimi qiymətləndirilir.

“Əvvəlcə gərginlik və ya onun riski yaradılır, sonra isə elə həmin vəziyyətdə daha sərt bəyanatlar səsləndirilir və bunlar “cavab addımı” kimi təqdim olunur.

Bu yanaşma xüsusilə təhlükəsizlik və iqtisadi baxımdan həssas olan Ermənistan kimi ölkə üçün təhlükəlidir. KTMT, onun effektivliyi ilə bağlı müxtəlif qiymətləndirmələrə baxmayaraq, Ermənistanın təhlükəsizlik sisteminin tərkib hissəsi olaraq qalır, AİB isə mühüm iqtisadi platformadır. Bu qurumlardan çıxmaq ağır nəticələrə səbəb ola biləcək strateji qərardır”, - deyə Surenyants qeyd edib.

Surenyants bildirib ki, problem hətta bu ssenarinin müzakirəsi deyil, onun təqdim olunma formasıdır.

“Belə məsələlər ictimai hədələmə predmetinə çevrildikdə, dövlət qeyri-sabit və proqnozlaşdırılması çətin tərəfdaş kimi qəbul olunmağa başlayır. Bu isə həm xarici münasibətlərə, həm də iqtisadi mühitə dərhal təsir göstərərək etimadı azaldır və riskləri artırır.

Üstəlik, bu yanaşma həmin hakimiyyətin elan etdiyi “sülh gündəliyi” ilə ziddiyyət təşkil edir. Bir tərəfdən gərginliyin azaldılmasından danışılır, digər tərəfdən isə ziddiyyətləri dərinləşdirə və iqtisadi əkstədbirləri təhrik edə biləcək bəyanatlar verilir. Bu isə göstərir ki, elan olunan siyasi xəttlə real davranış tez-tez üst-üstə düşmür.

Daha narahatedici məqam odur ki, bu cür bəyanatlar heç bir hesablamalar və ya aydın izahlarla müşayiət olunmur. Ermənistan AİB bazarlarını necə əvəz edəcək? KTMT-dən çıxacağı təqdirdə təhlükəsizlik necə təmin olunacaq? Alternativ mexanizmlər hansılardır? Bu suallar açıq qalır ki, bu da avantürizmə işarə edir”, - deyə erməni siyasi şərhçi vurğulayıb.

O qeyd edib ki, bu, həm də siyasi məsuliyyət məsələsidir.

“Dövlətin yüksək vəzifəli şəxsi bu cür bəyanatlar verərkən onların nəticələrini tam qiymətləndirmədən danışırsa, bu yalnız xarici aktorların deyil, həm də daxili ictimai diskursun keyfiyyətinə təsir edir.

Cəmiyyətə təhlükəli bir mesaj ötürülür: ən mürəkkəb strateji məsələləri sadələşdirilmiş, emosional ifadələrlə təqdim etmək olar.

Nəticədə elə bir siyasi mədəniyyət formalaşır ki, burada məsuliyyət hədələməyə, hesablanmış siyasət isə situativ reaksiyalara güzəştə gedir.

Hakimiyyət öz təhlükəsizliyi və iqtisadiyyatı üzərində “mərc” qoyaraq fəaliyyət göstərə bilməz. Xarici siyasət soyuqqanlı hesablamalar, ardıcıllıq və aydın strategiya tələb edir. Əks halda, istənilən “kəskin addım” zəiflik və qeyri-sabitlik göstəricisinə çevrilir.

Təsadüfi deyil ki, Paşinyanın hakimiyyəti illəri təhlükəsizlik riskləri və beynəlxalq təcridin real təhlükəsi dövrü kimi xarakterizə olunur”, - deyə Surenyants bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Surenyants   Ermənistan  


Bizi "telegram"da izləyin