Erməni politoloq: “Overçukun son müsahibəsi hakimiyyətin xarici siyasətinə yönəlmiş aydın qiymətləndirmədir”

2026/04/1775319684.jpg
Oxunub: 479     20:19     04 Aprel 2026    
“Rusiyanın Baş nazir müavini Aleksey Overçukun son müsahibəsi Ermənistanın hazırkı hakimiyyətinin xarici siyasətinə yönəlmiş aydın qiymətləndirmədir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants yazıb.

Onun sözlərinə görə, Overçuk adətən qapalı diplomatik danışıqlar çərçivəsində qalan məqamı açıq şəkildə ifadə edir: Ermənistanla əldə olunan razılaşmalar İrəvanın real addımlarına uyğun gəlmir.

“Başqa sözlə, söhbət açıq etimad böhranından gedir.

Diqqətəlayiq haldır ki, Nikol Paşinyan dəfələrlə dəmir yolunun idarə olunması və infrastruktur məsələlərini Rusiya rəhbərliyi ilə müzakirə etdiyini bəyan edib və bununla razılaşdırılmış siyasətin mövcud olduğunu göstərməyə çalışıb. Lakin rusiyalı yüksək vəzifəli məmurun reaksiyası əksini sübut edir: Moskvada Ermənistanın addımları dəyişkən, ardıcıl olmayan və tez-tez ziddiyyətli kimi qiymətləndirilir.

Bu, siyasi davranışın xarakteristikasıdır.

Problem dövlətin öz mövqelərini yenidən nəzərdən keçirməsində deyil. Bu, beynəlxalq münasibətlərdə normal prosesdir. Problem ondadır ki, bu dəyişikliklərin aydın strateji əsası yoxdur və tərəfdaşlara hesablanmış siyasət kimi təqdim edilmir. Nəticədə təhlükəli təsəvvür formalaşır: Ermənistan proqnozlaşdırılan strategiya ilə deyil, situativ yanaşma ilə hərəkət edir”, - deyə o qeyd edib.

Surenyants bildirib ki, Ermənistan hakimiyyətinin siyasəti son illərdə, xüsusilə 2020-ci ildən sonra, həqiqətən də qeyri-ardıcıl olub.

“Bir tərəfdən Avrasiya İqtisadi Birliyində və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalmaq barədə bəyanatlar verilir, digər tərəfdən isə ABŞ və Avropa İttifaqı ilə fəal yaxınlaşma aparılır, Rusiya ilə bağlanmış konsessiyalar yenidən nəzərdən keçirilir, KTMT-dən çıxmaq istiqamətində addımlar atılır. Bu, aydın strateji istiqamət və tərəfdaşlar qarşısında bunun “qiymətini ödəməyə” hazır olmaq olmadan “çoxvektorlu” siyasət təəssüratı yaradır.

Belə yanaşma müxtəlif güc mərkəzləri arasında manevr etməklə qısamüddətli nəticələr verə bilər. Lakin uzunmüddətli perspektivdə bu, qaçılmaz nəticəyə gətirib çıxarır: etimadın itirilməsi.

Beynəlxalq münasibətlərdə etimad dövlətin ən vacib resurslarından biridir. O, tez bərpa olunmur və digər alətlərlə əvəz edilə bilməz. Xüsusilə mürəkkəb təhlükəsizlik mühitində yerləşən Ermənistan kimi ölkə üçün etibarlı tərəfdaş imici həyati əhəmiyyət daşıyır”, - deyə erməni politoloq vurğulayıb.

O qeyd edib ki, Overçukun açıqlamasının alt qatında da mühüm mesaj var.

“Rusiya açıq şəkildə bildirir ki, regional nəqliyyat layihələrində öz iştirakını uzunmüddətli və sistemli amil kimi qiymətləndirir. Ermənistanın mövqelərinin dəyişkənliyi isə təkcə iqtisadi deyil, həm də siyasi risk kimi qəbul olunur. Bu isə əsas sualı ortaya çıxarır: Ermənistanın aydın formalaşdırılmış xarici siyasət strategiyası varmı, yoxsa vahid məntiq olmadan müxtəlif istiqamətlərdə hərəkət edir?

Əgər bu cür açıq qiymətləndirmələr artıq yüksək vəzifəli şəxslər səviyyəsində səsləndirilirsə, bu, Ermənistan hakimiyyətinə qarşı dərin etimadsızlığın mövcud olduğunu göstərir”, - deyə o bildirib.

Surenyants vurğulayıb ki, əsas təhlükə də məhz buradadır.

“Dövlət bir mərkəzdə etimadı itirərkən digər mərkəzlərdə onu möhkəmləndirmirsə, strateji-siyasi vakuuma düşür. Bu baxımdan Overçukun açıqlaması dəyişkənlik, ziddiyyət və qısamüddətli hesablamalar üzərində qurulan siyasətə verilmiş siyasi hökm kimi qiymətləndirilə bilər. Və bu hökmün bədəlini dövlət ödəyə bilər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Surenyants   Overçuk  


Bizi "telegram"da izləyin