Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
“Baxın, Paşinyan Rusiyaya gedir, Rusiya Prezidenti Vladimir Putinlə görüşür və yarı-özünü doğrultma tonunda deyir, xatırladır ki, ABŞ Prezidenti Donald Trampla və ya Avropa İttifaqı ilə etdiyi, planlaşdırdığı və həyata keçirdiyi hər şeyi sonda gəlib Kremlə bildirir. Paşinyanın demək istədiyi budur ki, guya hər şey barədə tərəfdaşlarını, bu halda Vladimir Putini məlumatlandırır.
Amma bu halda belə çıxır ki, o, yumşaq desək, Qərbdəki tərəfdaşlarını çətin vəziyyətə salır. Daha dəqiq desək, elə bir vəziyyətə ki, nəticədə etimad tamamilə itəcək. Digər tərəfdən, Paşinyan Putinlə görüşdə bir şey deyir, sonra Ermənistana qayıdıb başqa bir şey danışır. Yaxud Avropa Parlamentinə gedib bir şey deyir, Kremlə gedib başqa sözlər səsləndirir. Və bu hal davamlı olaraq təkrarlanır”, - deyə nəşr qeyd edib.
Müəllifin sözlərinə görə, bir sözlə, Paşinyan uzun müddətdir ki, geosiyasi ip üzərində balansla məşğuldur.
“Lakin problem ondadır ki, bu ip sadəcə “sapın tükü”dür, son dərəcə nazikdir və hər an qopa bilər. Bu cür davranışı ilə Paşinyan tamamilə etibarsız siyasi fiqura çevrilib. Əgər məsələ yalnız hansısa bir şəxsin nüfuzu və ya imici ilə bağlı olsaydı, bu, o qədər də problem olmazdı. Lakin həm Avropa İttifaqı, həm Moskva, həm də digər mümkün dost mərkəzlər üçün etibarsız tərəfdaşa çevrilən Ermənistandır. Daha pisi isə odur ki, Ermənistanın taleyi məhz bu “sapın tükü” üzərində dayanıb.
Aydındır ki, Paşinyan hakimiyyətini qorumaq naminə belə riskli siyasət yürüdür. Lakin bu, həm Paşinyan üçün, həm də ölkə üçün çox ciddi problemlərə gətirib çıxara bilər. Narahatlıq doğuran əsas məqam Ermənistanın xarici siyasət tərəfdaşı kimi nüfuzuna vurulan ciddi zərbədir və bu zərərin nəticələrini aradan qaldırmaq kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq növbəti hakimiyyətin üzərinə düşəcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az