Rus nəşri: Ermənistan hakimiyyəti yeni Konstitusiya hazırlayır, bu, Azərbaycanın narahatlıqlarını azaldacaq

2025/12/1765600907.jpg
Oxunub: 512     19:41     04 Aprel 2026    
2026-cı il iyunun 7-də keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində Ermənistan rəhbərliyi ölkənin Konstitusiyasında genişmiqyaslı dəyişikliklər hazırlayır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Fondsk.ru” nəşri “Ermənistan hakimiyyəti yeni Konstitusiya hazırlayır: bu, Azərbaycanın narahatlıqlarını azaldacaq” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, əsas məqsəd Konstitusiyanı yeni geopolitik reallıqlara və daxili siyasi çağırışlara uyğunlaşdırmaqdır. Bu dəyişikliklərə Qarabağla bağlı iddialardan imtina da daxil ola bilər.

“Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsini təklif edir. Bu Konstitusiya Qarabağa istinadları aradan qaldıracaq, ölkənin simvolları dəyişdiriləcək və cəmiyyət “qonşularla qarşıdurma məntiqindən” imtina edəcək. Bu isə Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün vacib hesab olunur.

Planlaşdırılan dəyişikliklərin əsas aspektləri “tarixi Ermənistan” anlayışından imtina və yeni dövlət simvolları (gerb, himn) ilə “real Ermənistan”ın formalaşdırılmasıdır”, - deyə məqalədə qeyd edilib.

Nəşr bildirib ki, lakin bütün bunların konteksti var: islahat Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün zəruridir, çünki mövcud Konstitusiyada “Qarabağın Ermənistanla birləşməsi”ni bəyan edən Müstəqillik Bəyannaməsinə istinadlar mövcuddur.

“Burada geosiyasi amil də rol oynayır: proses xarici siyasətin yenidən nəzərdən keçirilməsi və Avropa İttifaqı ilə mümkün yaxınlaşma fonunda baş verir.

Paşinyanın mövqeyinə görə, yeni Konstitusiya Ermənistanın uzunmüddətli sabitliyini təmin edəcək və Azərbaycanın narahatlıqlarını azaldacaq. Lakin bu təşəbbüs sosial və siyasi risklər yaradır: o, müxalifət və əhali arasında ciddi narazılığa səbəb olur, çünki Azərbaycana güzəşt və milli kimliyə təzyiq kimi qiymətləndirilir.

Faktiki olaraq Paşinyan öz səlahiyyətləri və Avropa İttifaqının dəstəyi ilə siyasi məqsədlərini və maraqlarını həyata keçirir. Bu isə Ermənistan cəmiyyətinin böyük əksəriyyətinin mövqeyi ilə ziddiyyət təşkil edir, həmin cəmiyyət ölkə ilə bağlı tarixi məsuliyyətə ənənəvi yanaşmanı qoruyur”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya  


Bizi "telegram"da izləyin