Erməni nazir müavini: “Ölkə öz “ev tapşırıqlarını” yerinə yetirdikdən və seçim mərhələsinə çatdıqdan sonra bu məsələ müzakirəyə çıxarıla bilər”

2026/04/1775314406.jpg
Oxunub: 470     18:46     04 Aprel 2026    
“Ermənistan hökuməti Rusiya ilə həm çətin, həm də müsbət istiqamətlər üzrə müzakirələri davam etdirəcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə açıqlamasında baş nazir Nikol Paşinyanın Moskva səfəri zamanı Rusiya prezidenti Vladimir Putinin səsləndirdiyi sərt bəyanatların qiymətləndirilməsinə dair sualı cavablandırarkən deyib.

Kostanyan qeyd edib ki, həm Xarici İşlər Nazirliyi, həm də hökumət rusiyalı tərəfdaşlarla mürəkkəb məsələlər üzrə müzakirələri, eyni zamanda müsbət proseslərin olduğu istiqamətlərdə işi davam etdirəcək.

Erməni jurnalistin Ermənistanın Avrasiya İqtisadi Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ilə bağlı sualına cavab olaraq o bildirib: “Hazırda belə addımlar atılmır”.

Erməni nazir müavini əlavə edib ki, hazırda əsas diqqət islahatların həyata keçirilməsinə və Avropa İttifaqı standartlarına uyğunlaşmağa yönəlib.

Onun sözlərinə görə, ölkə öz “ev tapşırıqlarını” yerinə yetirdikdən və seçim mərhələsinə çatdıqdan sonra bu məsələ müzakirəyə çıxarıla bilər.

Kostanyan həmçinin Vladimir Putinin qaz qiymətləri və Rusiyada 2 milyon erməninin yaşaması ilə bağlı açıqlamalarında hər hansı təhlükə görüb-görmədiyi sualına da münasibət bildirib.

“Düşünürəm ki, kifayət qədər açıq və maraqlı fikir mübadiləsi aparılıb və rusiyalı tərəfdaşlarımız öz mövqelərinə sadiq qalacaqlar, münasibətlərimiz isə mövcud müqavilə bazası əsasında inkişaf edəcək”,- deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kostanyan  


Bizi "telegram"da izləyin