Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Ermənistan Rusiyadan az həcmdə benzin idxal edir, son aylarda bazarda daha çox Avropa mənşəli yanacaq, qismən isə Azərbaycan və İran mənşəli məhsullar üstünlük təşkil edib.
Papoyan qeyd edib ki, bu kiçik paya baxmayaraq, heç bir problem gözlənilmir.
“Ermənistanda benzin qiymətləri digər ölkələrlə müqayisədə daha az artıb. Bəzi Asiya və Avropa ölkələrində qiymətlər 2-3 dəfə artdığı halda, Ermənistanda artım faizlərlə ölçülür. Bununla belə, yanacaq qiymətlərinin gələcəkdə artacağını istisna etmirəm. Neftin qiyməti iki dəfə artdığı halda bunun benzinin qiymətinə təsir etməməsi mümkün deyil.
Hökumət hazırda kənd təsərrüfatı üçün dizel yanacağına subsidiya proqramı üzərində işləyir ki, kənd əhalisi üçün yaz işləri daha az çətin olsun. Proseslər göstərir ki, bütün növ neft məhsullarının qiymətləri artmaqdadır”, - deyə Papoyan qeyd edib.
Papoyan bildirib ki, bu, yalnız İranla bağlı deyil, Yaxın Şərqin digər iri istehsalçıları da Hörmüz boğazı vasitəsilə tədarükdə çətinliklərlə üzləşir və bu da qiymət artımına səbəb olur.
Alpər Mövludoğlu
Ordu.az