Sarkisyan: “Ermənistan nə müştəri dövlət, nə parazit dövlət, nə də etnoqrafik muzey olmamalıdır”

2025/11/1763017007.jpg
Oxunub: 384     14:53     04 Aprel 2026    
Ermənistan Respublikaçılar Partiyasının sədri, Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan bir sıra siyasi bəyanatlarla çıxış edib.

Ordu.az xəbər verir ki, bu barədə Serj Sarkisyan Respublika Partiyasının 18-ci qurultayında danışıb.

Sarkisyan qeyd edib ki, “Nikolun gətirdikləri” hələ də “Nikolu gətirəni” axtarırlar, lakin onların bu oyunlarda iştirakı yoxdur.

O bildirib ki, bu həyatda çox şey, “millətə xəyanət edən kapitulyantları”, sonra isə “biz erməniyik, bəs siz kimsiniz?” deyənləri görüb.

Sarkisyan həmçinin bildirib ki, “Qarabağ səhifəsi bağlanmayıb”.

Ermənistanın 3-cü prezidenti impiçment məsələsinə də toxunub.

“Əgər impiçment baş tutmasa, onda seçkilərdə hansı siyasi qüvvələrin iştirak etməsindən asılı olmayaraq, əgər hakim rejim qeyri-bərabər mübarizədə yenidən hakimiyyəti zəbt etsə, Respublikaçılar Partiyası seçkidən sonrakı mübarizənin ön sıralarında yerini tutmağa hazırdır”, - deyə Sarkisyan bildirib.

Sarkisyan həmçinin vurğulayıb ki, “Qarabağ erməniləri”nin (Qarabağdan könüllü köç etmiş şəxslər-red.) qaçmasından danışan şəxs bütün bioqrafiyasını qaçmaq və gizlənmək üzərində qurub, kapitulyasiyadan sonra isə bunkerdən qaçıb.

O qeyd edib ki, Ermənistan nə “müştəri dövlət”, nə “parazit dövlət”, nə də “etnoqrafik muzey” olmamalıdır.

Sarkisyan bəyan edib ki, Respublikaçılar Partiyası Ermənistanın suveren ərazisindən keçəcək hər hansı dəhlizin mövcudluğu ilə barışmayacaq.

“Bunu necə adlandırmalarından asılı olmayaraq, bu, bizim qeyri-dost qonşularımızın əsrlər boyu qurduğu arzudur və onlar bunu gizlətmirlər”, - deyə o bildirib.

Onun sözlərinə görə, Respublikaçılar Partiyası TRIPP-lə (Zəngəzur dəhlizi-red.) bağlı narahatlığını ifadə edib və yekun nəticəyə onun mahiyyəti, komponentləri, icra vasitələri və mexanizmləri tam açıqlanandan sonra gələcək.

Sarkisyan qeyd edib ki, Ermənistan-Azərbaycan danışıqları zəiflik mövqeyindən yox, milli birliyin potensialı baxımından aparılmalıdır.

“Ermənistan nə müştəri dövlət, nə parazit dövlət, nə də etnoqrafik muzey olmamalıdır”, - deyə o təkrar edib.

O qeyd edib ki, məqsəd hakimiyyət dəyişikliyidir, bir neçə mandat əldə etmək perspektivi isə onları maraqlandırmır.

“Keçən illər bu qərarın doğruluğunu əlavə olaraq sübut edir. Sizi və xalqımızı əmin edirəm ki, hətta bu seçkilərdə iştirak etmədən, daha doğrusu, birbaşa iştirak etmədən belə Respublikaçılar Partiyası siyasi inkişafların mərkəzində qalmağa və mübarizənin avanqard qüvvələrindən biri olmağa davam edəcək”, - deyə Sarkisyan bildirib.

O xatırladıb ki, Respublikaçılar Partiyasının bu qurultaydan iyunun 7-dək fəaliyyəti ümummilli seçkilərdə vətəndaşların iştirakını təşviq etməyə yönələcək.

“Biz bəyan edirik ki, Respublikaçılar Partiyasının fəaliyyəti bu qurultaydan başlayaraq iyunun 7-dək “Get ki, getsinlər” şüarı altında müxtəlif aksiyalar, təbliğat, informasiya kampaniyaları və sakinlərlə görüşlər vasitəsilə bu ümummilli seçkilərdə həmvətənlərimizin iştirakını stimullaşdırmağa yönələcək. Biz vətəndaşlarımızı seçki məntəqələrinə getməyə və Ermənistanın bugünkü alçaldılmasına son qoyacaq, bu xain və fəlakətli rejimə son verəcək qüvvələri seçməyə inandırmaq üçün hər imkandan istifadə edəcəyik”, - deyə Sarkisyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin