“Putin “ayı xidməti” göstərdi və açıq dedi ki, “bunlar mənim uşaqlarımdır” - Simonyan

2025/12/1765360583.jpg
Oxunub: 420     14:26     04 Aprel 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Rusiya prezidenti Vladimir Putinin açıqlamaları Ermənistandakı rusiyameyilli siyasi qüvvələrin Kreml ilə əlaqələrini açıq şəkildə ortaya qoyub.

Ordu.az xəbər verir ki, bu barədə Alen Simonyan aprelin 4-də “Vətəndaş Müqaviləsi” Partiyasının növbədənkənar qurultayından əvvəl jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.

O, bir gün əvvəl baş tutmuş Paşinyan-Putin danışıqlarını şərh edərkən qeyd edib ki, bu prosesin müəyyən müsbət tərəfləri də olub.

Simonyanın sözlərinə görə, artıq həmin siyasi qüvvələr Rusiyayla əlaqələrinin olmadığını iddia edə bilməzlər.

“Bu baxımdan artıq elə bir yanaşma yoxdur ki, həmin ifadə kifayət qədər mənfi emosiyalara səbəb olur. Biz xaricdən gətirilən siyasi meydandan və təyin olunan prezidentlərdən bezmişik. O, açıq şəkildə dedi ki, “bunlar mənim uşaqlarımdır, olar, onlar da seçkilərdə iştirak etsinlər?”, - deyə Simonyan bildirib.

O qeyd edib ki, baş nazir Nikol Paşinyan da açıq şəkildə cavab verib ki, Ermənistan Konstitusiyası buna yalnız müəyyən çərçivədə imkan verir.

Simonyanın sözlərinə görə, Ermənistan azad ölkədir və seçimi Ermənistan xalqı edəcək.

“Mən düşünürəm ki, o, “ayı xidməti” göstərdi. Əvvəllər deyirdilər ki, guya Moskvadan “dobro” var. Ermənistanda artıq yalnız bir “dobro” var, o da Ermənistan xalqının “dobro”sudur. Ermənistan xalqı sevmir ki, ona kənardan nəyisə diktə etsinlər”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Ermənistan  


Bizi "telegram"da izləyin