Ordu.az xəbər verir ki, bu barədə Alen Simonyan aprelin 4-də “Vətəndaş Müqaviləsi” Partiyasının növbədənkənar qurultayından əvvəl jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdan köçmüş ermənilərin 2020-ci ildə qaçdıqları barədə bəyanatını Şahramanyanın sərsəmləmə adlandırmasına münasibət bildirib.
“Bəs qaçmaq necə olur? Təkrar edirəm, niyə o, İrəvanda müsahibə verir, “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) qalan “rəhbərləri” isə indi Bakı həbsxanasındadır? Qoy sussun, nə qədər az danışsa, özünə bir o qədər xeyirdir”, - deyə Simonyan bildirib.
O əlavə edib ki, Şahramanyan özünü hansısa vəzifəli şəxs kimi təqdim etməməlidir.
Simonyanın sözlərinə görə, Şahramanyan öz “imzası” ilə “vəzifəli şəxs” olmadığını və heç vaxt belə status daşımadığını təsdiqləyib.
“İndi isə ən azı mənəvi baxımdan düzgün deyil ki, Ermənistan Respublikasının yüksək himayəsi altında belə davransın. İndi hamı aslana dönüb, qoy az danışsın, ümumiyyətlə belə şeylər danışmağı dayandırsın və yerini bilsin. Mən ona xəbərdarlıq edirəm, qoy öz yerini bilsin”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az