Ordu.az xəbər verir ki, bu barədə Alen Simonyan aprelin 4-də “Vətəndaş Müqaviləsi” Partiyasının növbədənkənar qurultayından əvvəl jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.
O, “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramında katolikosun uzaqlaşdırılması məsələsinin niyə yer almasına da münasibət bildirib.
Simonyan deyib ki, II Qaregin Ermənistana təhlükədir.
“Yaxşı olardı ki, başqa partiyalar da öz proqramlarında II Qaregindən və Erməni Apostol Kilsəsini nüfuzdan salan digər şəxslərdən təmizlənmə və azad olunma məsələsini yer alsınlar. Bu, dövlətimizə böyük fayda verərdi”, - deyə o bildirib.
Onun sözlərinə görə, insanlar şəxsləri qurumlarla eyniləşdirirlər.
“Alen Simonyan parlament deyil, II Qaregin də 1700 illik erməni kilsəsi deyil. Şəxsləri qurumlarla eyniləşdirməyin. Siz baş naziri tənqid edəndə Ermənistanı tənqid edirsiniz? Əlbəttə ki, yox. Bəs onda necə olur ki, digər halda deyilir kilsəni tənqid edirik? Bu ikili standartları nə vaxt dayandıracaqsınız?”, - deyə Simonyan bildirib.
Onun təqdimatına görə, “Vətəndaş Müqaviləsi” Partiyası bəyan edir ki, Ermənistana yönəlmiş təhdidlər var və iyunun 7-si ölkəyə qarşı həmin “siyasi hücum”un ən vacib günü olacaq.
“Burada söhbət Ermənistanın müstəqilliyindən, müharibə ilə sülh arasında seçimdən gedir. Vətəndaş öz qərarını verməli və o qərarın arxasında dayanmalıdır”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az