Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Voskanapat” analitik mərkəzinin rəhbəri, politoloq Hrant Melik-Şahnazaryan deyib.
Melik-Şahnazaryan hazırkı siyasi proseslər və Ermənistan ətrafında yaranmış vəziyyət barədə danışaraq bildirib ki, müxalif qüvvələr daha fəal olmalı və iyunda keçiriləcək parlament seçkilərinə qədər real mübarizəyə başlamalıdır.
Onun sözlərinə görə, cəmiyyət artıq dəyişiklik istəyir və bunu müxtəlif hadisələrdə açıq şəkildə göstərir.
“Məsələn, Qarabağdan (könüllü-red.) köç etmiş gənc qadınla bağlı hadisə böyük ictimai rezonans doğurdu, çünki o, açıq şəkildə öz mövqeyini müdafiə etdi və Paşinyana təzyiq göstərdi. Bu, geniş ictimai reaksiya yaratdı və nəticədə baş nazir üzr istəməyə məcbur oldu”, - deyə erməni politoloq bildirib.
Melik-Şahnazaryan qeyd edib ki, oxşar hadisələr zamanı təşkilatlanmış tələbə hərəkatı və ya küçə etirazları başlasa idi, ən azı 5000 nəfərin meydana toplaşması mümkün idi.
“Belə təşəbbüslərin olmaması müxalifətin zəifliyini göstərir. Əgər real mübarizə mərhələsinə keçid baş versə, Paşinyanın seçkilərdə məğlub olması mümkündür. Xalq artıq onu qəbul etmir və geniş kütlələrdə narazılıq artıb.
Ermənistan kimi ölkədə bu cür rəhbərin mövcudluğu indiki geosiyasi qeyri-sabitlik şəraitində müxtəlif güc mərkəzləri üçün əlverişlidir. Hakimiyyət seçki dövründə müharibə təhlükəsi mövzusundan istifadə edir və cəmiyyəti qorxutmağa çalışır. 2020-ci il müharibəsi və Qarabağın itirilməsindən sonra müharibə qorxusu cəmiyyətdə hələ də qalır”, - deyə Melik-Şahnazaryan qeyd edib.
Eyni zamanda o, regionda baş verən proseslərə, Rusiyanın aktivləşməsinə, geosiyasi qarşıdurmalara, Paşinyan-Putin görüşündən sonra Aleksey Overçukun açıqlamalarına və İrana qarşı müharibəyə diqqət çəkib.
Erməni politoloqun proqnozuna görə, regionda böyük müharibə yaxınlaşır.
Onun sözlərinə görə, Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) adlandırılan sənədin imzalanması və Rusiyanın danışıqlar prosesindən kənarlaşdırılması regionda 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra formalaşmış təhlükəsizlik balansını pozur. Bu isə həm Rusiyanın, həm də İranın maraqlarına ziddir.
“Bu, iki əsrdən artıq mövcud olan təhlükəsizlik sisteminin pozulması kimi qiymətləndirilir və ciddi təhdid sayılır. Xüsusilə ABŞ və İsrail İranda məqsədlərinə nail olmasa, müharibədən sonra həm İranın, həm də Rusiyanın regiondakı davranışı dəyişəcək və gərginlik artacaq. Yaxın iki ay ərzində vəziyyət müəyyən qədər ört-basdır edilə bilər, lakin əslində regionda böyük qarşıdurma formalaşır və bu barədə artıq Rusiya ən yüksək səviyyədə siqnallar verir”, - deyə Melik-Şahnazaryan vurğulayıb.
Bu kontekstdə o, aprelin 1-də Kremldə baş tutmuş Putin-Paşinyan görüşünü və Rusiya prezidentinin açıqlamalarını xatırladıb.
Erməni politoloq vurğulayıb ki, böyük müharibə yaxınlaşır, Rusiya Putin səviyyəsində danışıb.
“Əsas məsələ cəmiyyətin hansı yolu seçəcəyidir. Paşinyan iddia edir ki, onun hakimiyyətdə olmaması müharibəyə gətirib çıxara bilər, Rusiya isə əksinə, onun qalacağı halda müharibə riskinin artacağını bildirir”, - deyə Melik-Şahnazaryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az