Ordu.az xəbər verir ki, bunu “Joxovurd” qəzeti Ermənistanda Korrupsiyanın Qarşısının Alınması Komissiyasına təqdim olunan vəzifəli şəxsin hədiyyələrin uçotu ilə bağlı forma sənədlərini araşdırarkən ortaya çıxarıb.
Məlumata görə, Simonyan 2026-cı il fevralın 4-7-də Rusiyaya rəsmi səfəri çərçivəsində bir sıra hədiyyələr alıb.
Bildirilib ki, Federasiya Şurasının sədri Valentina Matviyenko ona Federasiya Şurasının emblemi və qutusu olan saat hədiyyə edib. Hədiyyənin dəyəri 149 min 658 dram qiymətləndirilib. Hədiyyə fevralın 5-də Moskvada təqdim olunub.
Araşdırma zamanı o da məlum olub ki, Matviyenko Simonyana daha bir xatirə hədiyyəsi - “Qış meşəsi” adlı tablo bağışlayıb. Onun dəyəri 249 min 430 dram təşkil edib. Bu hədiyyə də həmin gün rəsmi səfər çərçivəsində təqdim olunub.
Ermənistanda Korrupsiyanın Qarşısının Alınması Komissiyasına təqdim edilmiş forma sənədindən həmçinin məlum olub ki, “Rosatom” korporasiyasının baş direktoru Aleksey Lixaçov Simonyana matryoşka və reaktor heykəlciyindən ibarət xatirə hədiyyəsi verib.
Hədiyyənin dəyəri 159 min 635 dram qiymətləndirilib və o, fevralın 6-da təqdim olunub.
Alpər Mövludoğlu
Ordu.az