Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Məsuliyyət tələb edən, amma məsuliyyətdən yayınan: Suren Papikyan yayınır, yoxsa nə deyəcəyini bilmir?” başlıqlı məqaləsində yazıb.
“Xüsusilə də media orqanları peyk görüntüləri əsasında Müdafiə Nazirliyinin təkzibinə əsaslı cavablar verir. Nəzərə alsaq ki, müdafiə naziri Suren Papikyan partiyadaş olan deputat Lilit Minasyanın fikri ilə razılaşaraq rəsmi məlumatları şübhə altına alan media qurumlarının məsuliyyətə cəlb edilməli olduğunu bildirib, qərara almışdıq ki, əsas suallara cavabları birbaşa Suren Papikyandan alaq.
Martın 17-də “168.am” Müdafiə Nazirinə yazılı sorğu göndərərək aşağıdakı sualları ünvanlamışdı:
1. Ermənistan Müdafiə Nazirliyi mətbuat katibi vasitəsilə Arman Tatoyanın Azərbaycan tərəfinin yeni irəliləyişləri ilə bağlı iddialarını təkzib edib. Həmin təkzibdə qeyd olunur: “Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı 1975-ci il SSRİ topoqrafik xəritələrini rəhbər tutur. Bu xəritələr hüquqi qüvvəyə malikdir və Dövlət Geodeziya Nəzarətinin Zaqafqaziya ərazi idarəsinin rəhbəri tərəfindən təsdiqlənib. SSRİ xəritəsinə görə Azərbaycanın mövqeyi dövlət sərhədini keçmir və Ermənistan ərazisində yerləşir”.
Sual: Birincisi, həmin 1975-ci il xəritəsinə əsasən “Ermənistan ərazisinin nə qədər hissəsi, hansı ərazilər və mövqelər Azərbaycan tərəfindən tutulub?” İkincisi, Göyçə istiqamətində sərhədin delimitasiyası aparılıbmı, Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən edilibmi? Üçüncüsü, delimitasiya üzrə komissiyaların qaydalarına əsasən “proses zamanı bütün müvafiq xəritə materiallarından istifadə olunur”. Üstəlik, üç il əvvəl Ermənistanın xarici işlər naziri bildirib ki, “delimitasiya 1974-1978-ci illərin xəritələri əsasında aparılmalıdır”.
2. 2020-ci ilin dekabrında Gorus-Qafan yolunun bir hissəsi hansı sənəd əsasında Azərbaycana verilib? Ermənistan müdafiə naziri səviyyəsində hər hansı sənəd imzalanıbmı? O cümlədən, həmin yolda sərhəd nəzarətinin həyata keçirilməsi ilə bağlı Ermənistan və Rusiya müdafiə nazirləri arasında razılaşma olubmu?
3. Gorus-Qafan yolunun Azərbaycana verilməsi hansı xəritə sənədi əsasında baş verib?
4. Zəngəzurdan qoşunların geri çəkilməsi hansı yazılı əmrin və sənədin əsasında həyata keçirilib?
5. Azərbaycan 2021-ci ilin mayından əraziyə hansı xəritələr əsasında daxil olub? Yaxud, həmin dövrdə iddia olunduğu kimi, “Google Map” və ya “Google GPS” sistemləri əsasında sərhəd müəyyənləşdirilməsi aparılıbmı və bu, hüquqi baxımdan əsaslı idimi?
6. 2021-ci ilin mayında “Armenpress”in ixtiyarına SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1:100 000 miqyaslı J-38-21 nömrəli xəritəsi keçmişdi. Həmin xəritəyə görə, (guya-red.) Qaragöl (2657,5 m) qərb, cənub və şərq sahilləri ilə tam şəkildə Ermənistan SSR ərazisində yerləşir”, - deyə məqalədə qeyd edilib.
Nəşr iddia edib ki, guya gölün yalnız şimal sahilinin kiçik hissəsi Azərbaycan SSR ərazisindədir və ümumi səthin təxminən 10 faizini təşkil edir.
“Qaragölün şərqində yerləşən Saqi gölü isə tam şəkildə Ermənistan SSR ərazisindədir. Ermənistanın dövlət qurumları da ölkənin Ermənistan SSR-in hüquqi varisi olduğunu təsdiqləyib. Son 30 ildə Ermənistan və Azərbaycan arasında hüquqi qüvvəyə malik sərhəd müəyyənləşdirmə və delimitasiya aparılmayıb.
Belə olan halda, SSRİ Baş Qərargahının xəritələri ən dəqiq və əsaslı mənbə hesab olunmalıdır.
Niyə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı bu xəritələrə deyil, 1975-ci il xəritəsinə istinad edir? Kim bu qərarı verib və niyə?
Sorğuda xüsusilə xahiş edilmişdi ki, cavablar konkret və əsaslandırılmış olsun. Lakin təxminən 20 gün sonra Müdafiə Nazirliyi tərəfindən göndərilən cavabda demək olar ki, heç bir suala konkret cavab verilməyib”, - deyə müəllif bildirib.
Nəşr qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyinin cavabında bildirilib: “17.03.2026-cı il tarixli sorğunuza cavab olaraq bildiririk ki, birinci sual üzrə, delimitasiya və sərhədin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli qurum mütəmadi olaraq məlumat verir. 2-6-cı suallar üzrə isə artıq dəfələrlə rəsmi açıqlamalar verilib. Əlavə məlumat təqdim edə bilmərik”.
“Beləliklə, Suren Papikyanın rəhbərlik etdiyi qurum bir tərəfdən 1975-ci il xəritələrinə istinad etdiyini bildirir, digər tərəfdən isə həmin xəritələrə görə “Ermənistan ərazisinin nə qədər hissəsinin tutulduğunu” dəqiq açıqlaya bilmir. Bu isə ciddi və təhlükəli göstərici kimi qiymətləndirilir.
Eyni zamanda, Müdafiə Nazirliyinin sərhədin müəyyən edilmədiyi ərazilərdə belə Azərbaycanın nəzarətində olan mövqelərin aidiyyəti barədə qəti iddialar irəli sürməsi suallar doğurur. Məsələn, Göyçə istiqamətində delimitasiya aparılıbsa, niyə bu barədə aydın məlumat verilmir?
Digər tərəfdən, illər əvvəl hakimiyyət SSRİ xəritələrini ən dəqiq mənbə kimi təqdim etdiyi halda, indi başqa xəritəyə istinad edilməsi də izah olunmur.
“Google” xəritələrinin tənqid edilməsi fonunda xatırladılır ki, vaxtilə bəzi ərazilər məhz həmin sistemlər əsasında Azərbaycana verilib və bunun hüquqi əsasının olub-olmadığı da sual altındadır.
2020-ci ilin dekabrında Zəngəzurdan qoşunların geri çəkilməsi ilə bağlı isə Müdafiə Nazirliyinə dəfələrlə sorğu göndərilsə də, hər dəfə fərqli cavablar verilib.
Baş nazir Nikol Paşinyan da müxtəlif vaxtlarda ziddiyyətli açıqlamalar verib, bir dəfə deyib ki, əmri şəxsən özü verib, başqa vaxt isə belə bir əmrin olmadığını bildirib.
İstintaq Komitəsi isə bildirib ki, bu məsələ ilə bağlı cinayət işi açılmayıb və istintaq aparılmır.
Nəticə etibarilə qeyd olunur ki, əgər Suren Papikyan mühüm suallara cavab verməkdən yayınırsa, o zaman gələcəkdə media qurumlarının məsuliyyətindən və rəsmi məlumatlara inamdan danışması məqsədəuyğun deyil”, - deyə nəşr bildirib.
Qeyd edək ki, Ermənistan KİV-nin bu mövzuda irəli sürdüyü iddialar ilk növbədə hüquqi və faktoloji baxımdan ciddi boşluqlarla müşayiət olunur. Məqalənin özündə də görünür ki, Ermənistan tərəfi müxtəlif dövrlərdə müxtəlif xəritələrə, fərqli izahlara və bir-biri ilə ziddiyyət təşkil edən siyasi bəyanatlara istinad edir. Bu isə göstərir ki, burada söhbət hüquqi cəhətdən sabit və prinsipial mövqedən yox, situativ siyasi manipulyasiyadan gedir. Azərbaycan isə beynəlxalq hüquq normaları çərçivəsində, dövlət sərhədləri və ərazi bütövlüyü prinsipinə əsaslanaraq öz suveren ərazilərində mövqe tutur. Ermənistan mediasının “işğal”, “irəliləyiş” və ya “yeni mövqelər” kimi təqdim etməyə çalışdığı iddialar delimitasiya prosesi tam başa çatmamış sərhəd zolağında siyasi təbliğat məqsədilə şişirdilir. Üstəlik, Ermənistanın öz rəsmi qurumları arasında da hansı sənədin, hansı xəritənin və hansı hüquqi əsasın qəbul edildiyi barədə vahid yanaşma yoxdur. Belə şəraitdə Azərbaycan əleyhinə səslənən iddialar hüquqi sübutdan çox daxili auditoriyaya hesablanmış informasiya kampaniyası təsiri bağışlayır.
Digər tərəfdən, Ermənistan tərəfi uzun illər işğal siyasəti yürütmüş, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini nəzarətdə saxlamış və həmin dövrdə nə beynəlxalq hüquqa, nə də xəritə dəqiqliyinə istinad etmişdi. Bu gün isə sərhəd məsələlərində selektiv yanaşma nümayiş etdirərək yalnız öz siyasi maraqlarına uyğun xəritələri gündəmə gətirməsi inandırıcı görünmür. Azərbaycan 2020-ci ildən sonra regionda yaranmış yeni reallıq çərçivəsində öz sərhədləri boyunca təhlükəsizlik tədbirləri görür və bu, tamamilə legitim hüquqdur. Ermənistan KİV-lərinin Azərbaycanı guya “Ermənistan ərazisində yerləşməkdə” ittiham etməsi, əslində, uzun illər davam etmiş işğalın nəticələrini və sərhədin hüquqi müəyyənləşdirilməsi zərurətini ört-basdır etməyə yönəlib. Reallıq ondan ibarətdir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, ərazi bütövlüyü prinsipinə və post-münaqişə dövrünün legitim təhlükəsizlik ehtiyaclarına söykənir, Ermənistan mediasının iddiaları isə daha çox daxili siyasi məsuliyyətdən yayınmaq və cəmiyyətdə yanlış təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Alpər Mövludoğlu
Ordu.az