Erməni ekspert: “Belə bir vəziyyətdə yoxsulluq, enerji böhranı və işsizlik artacaq, bunun ardınca isə miqrasiya güclənəcək”

2026/04/1775280334.jpg
Oxunub: 438     09:25     04 Aprel 2026    
Putin-Paşinyan görüşündən sonra Rusiyanın baş nazir müavini Aleksey Overçukun Ermənistanın elə bir nöqtəyə yaxınlaşdığı barədə açıqlaması, yəni Moskvanın onunla iqtisadi münasibətləri yenidən qurmağa məcbur qala biləcəyi müxtəlif dairələrdə ciddi rezonans doğurub.

Ordu.az xəbər verir ki, “Ermənistan mənəm” siyasi təşəbbüsünün rəhbəri, erməni iqtisadçı Nairi Sarkisyan mövcud vəziyyəti şərh edib.

Sarkisyan bildirib ki, Rusiya tərəfdən belə bəyanatlar əvvəllər də səslənib, lakin son dövrdə vəziyyət daha da gərginləşib.

“Ermənistanın Rusiyadan iqtisadi asılılığı yüksəkdir: enerji sahəsində asılılıq təxminən 72 faiz təşkil edir, qaz Ermənistana Avropadan xeyli ucuz, təxminən 170 avroya satılır, yanacaq daxili tariflə verilir, pul köçürmələrinin təxminən 70 faizi Rusiyadan gəlir.

Bundan əlavə, Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır və ümumi ticarət dövriyyəsinin təxminən 40 faizini təşkil edir. Bu şəraitdə Rusiyanın xəbərdarlıqları real nəticələr doğura bilər və bunun təsirini hər bir Ermənistan vətəndaşı hiss edəcək.

Putin-Paşinyan görüşü bir çox suallar doğurur və belə görüşlər adətən əvvəlcədən hazırlanmış gündəmlə keçirilir. Əsas məqam qapalı qapılar arxasında müzakirə olunan məsələlərdir”, - deyə Sarkisyan vurğulayıb.

Mümkün nəticələrə toxunan erməni ekspert bildirib ki, qazın qiyməti, məsələn, iki dəfə artsa belə, hər bir ailənin isitmə xərcləri dərhal ikiqat yüksələcək. Bunun ardınca dolayı təsirlər də yaranacaq.

O bildirib ki, qaz və enerji resurslarının bahalaşması və ya təchizatının məhdudlaşdırılması ümumi istilik sistemində kollapsa, geniş enerji böhranına səbəb ola bilər.

“Bu isə onsuz da zəif olan sənayenin, çörək, makaron, konserv və geyim istehsalının geriləməsinə gətirib çıxara bilər. Bu sahələrin əsas bazarı isə hələ də Rusiyadır. Belə bir vəziyyətdə yoxsulluq, enerji böhranı və işsizlik artacaq, bunun ardınca isə miqrasiya güclənəcək”, - deyə Sarkisyan vurğulayıb.

Erməni ekspert hesab edir ki, bu proses ölkə üçün əlavə risklər yarada bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan  


Bizi "telegram"da izləyin