Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Nazik xətt üzərində oyun: Moskvanın açıq mesajı və İrəvanın məsuliyyəti” başlıqlı məqaləsində yazıb.
“Ekspert dairələrində üstünlük təşkil edən mövqeyə görə, Moskva artıq dolayı siqnallarla kifayətlənmir və öz mövqeyini daha açıq ifadə edir. Bu isə həmin mesajların nəzərə alınmamasının konkret siyasi və iqtisadi nəticələrə səbəb ola biləcəyini göstərir.
Qeyd olunur ki, Ermənistanın baş naziri hələ də Rusiyanı tam əvəz edə biləcək alternativ xarici tərəfdaş sistemi formalaşdıra bilməyib. Eyni zamanda, onun davranışında tez-tez müşahidə olunan qeyri-müəyyənlik Moskva tərəfindən diqqətdən kənarda qalmır və bu, qarşılıqlı etimadı zəiflədə bilər”, - deyə nəşr qeyd edib.
Müəllifin sözlərinə görə, analitiklər bildirirlər ki, görüş zamanı Rusiya tərəfi əməkdaşlığa hazır olduğunu təsdiqləməklə yanaşı, bunun müəyyən şərtlərdən asılı olduğunu da açıq şəkildə göstərib. Yəni münasibətlərin davamı İrəvanın atacağı addımlardan və siyasi kursundan asılıdır.
“Bu kontekstdə iqtisadi amil xüsusi əhəmiyyət daşıyır. Qazın qiyməti yenidən diqqət mərkəzinə gəlib. Avropa bazarında qazın qiyməti yüksək olduğu halda, Ermənistan hələ də onu nisbətən ucuz qiymətə əldə edir və bu, uzun illər ikitərəfli münasibətlərin mühüm elementi olub.
Lakin ekspertlər xəbərdarlıq edir ki, siyasi gərginliyin artması bu sahəyə də təsir göstərə bilər və bu, vətəndaşlar üçün əlavə yük yarada bilər.
Ümumilikdə belə nəticə çıxarılır ki, Moskvanın mesajı kifayət qədər aydındır, mövcud siyasi kurs yenidən nəzərdən keçirilməli və daha hesablanmış yanaşma tətbiq olunmalıdır. Əks halda nəticələr təkcə siyasi deyil, sosial sahədə də hiss olunacaq və hər bir vətəndaşa təsir edəcək.
Hazırda gələcək inkişafları dəqiq proqnozlaşdırmaq çətindir, lakin aydındır ki, Ermənistan üçün əsas məsələ regional təcriddən qaçmaq və dövlət maraqlarını qorumaq üçün balansı saxlamaqdır”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az