Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan hər vasitə ilə dəmir yolunun konsessiya müqaviləsini ləğv etməyi öhdəsinə götürüb” başlıqlı məqaləsində yazıb.
Nəşrin yazdığına görə, artıq ötən gün hökumətin iclasından sonra Nikol Paşinyan bildirib ki, Ermənistanın belə bir rıçağı var, lakin bu yola getməyi, yəni dəmir yolunun konsessiya idarəetmə müqaviləsini ləğv etməyi planlaşdırmırlar və istəmirlər.
Onun sözlərinə görə, Rusiya tərəfi ilə müzakirələr davam etdiyi müddətdə razılaşma və ya razılaşmama barədə danışmaq üçün əsas görmür. “Biz mövqelərimizi təqdim etmişik, rusiyalı tərəfdaşların mövqelərini dinləmişik və müzakirələri davam etdirmək barədə razılaşmışıq. Bizim problemimiz bir cümlə ilə ifadə olunur, Ermənistan bu şəraitdə rəqabət üstünlüklərini itirir. Rusiya ilə bağlı heç bir problemimiz yoxdur, əksinə, dostluq münasibətlərimizi yüksək qiymətləndiririk və heç bir halda Rusiyanın maraqlarına zərər vermək istəmirik”, - deyə Paşinyan vurğulayıb.
Müəllif qeyd edib ki, bununla belə, Paşinyanın bu açıqlaması faktiki olaraq ultimatum kimi qiymətləndirilir.
“Əgər Rusiya konsessiyanın satışına razılaşmasa, Ermənistan tərəfi Qərbin təşviqi ilə müqaviləni ləğv edə bilər. Üstəlik, belə addım üçün hüquqi əsaslar yaradılmağa çalışılır. 2008-ci ildə imzalanmış müqaviləyə görə, Ermənistan tərəfi 2028-ci ildə bu müqaviləni birtərəfli qaydada ləğv edə bilər, lakin Paşinyan bu prosesi daha tez həyata keçirməyə çalışır. Dəmir yolu ətrafında baş verən proseslərin ciddi nəticələr doğura biləcəyi vurğulanır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az