“Hayeli.am”: Göyçə gölü ərazisində Seyran Ohanyana faktiki məxsus olan villanın hasarı və maili enişi sökülüb

2026/02/1770015888.jpg
Oxunub: 583     08:22     04 Aprel 2026    
Ermənistan Baş prokuroru Anna Vardapetyan 2025-ci il dekabrın 11-də bildirmişdi ki, Göyçə gölünün sahilyanı ərazilərində, mütləq yüksəklik nişanından aşağıda yerləşən torpaq sahələrində qanunsuz tikilmiş bina və qurğuların sökülməsinə başlanılıb. Prokurorluq eyni zamanda məlumat vermişdi ki, qanunsuz tikililərin sökülməsi işləri 2026-cı ildə də davam etdiriləcək. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayeli.am” nəşri “Göyçə gölü ərazisində Seyran Ohanyana faktiki məxsus olan villanın hasarı və maili enişi sökülüb”m başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, 2026-cı ilin martında prokurorun vəsatətləri əsasında daha 11 torpaq sahəsində yerləşən 16 tikili sökülüb. Onların arasında Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana faktiki məxsus olan villanın mütləq yüksəklik nişanından aşağıda yerləşən hissəsindəki hasarlar və maili eniş, eləcə də Ermənistan parlamentinin keçmiş sədri Samvel Nikoyanın oğluna faktiki məxsus olan villa da var. Prokurorluq Seyran Ohyanın villasına dair səlahiyyətli məhkəməyə iddia təqdim edib.

“Beləliklə, 2025-ci ilin dekabrından indiyədək Prokurorluğun vəsatətlərinin icrası nəticəsində Göyçə gölünün sahilyanı, mütləq yüksəklik nişanından aşağı yerləşən 34 torpaq sahəsində müxtəlif şəxslər tərəfindən qanunsuz tikilmiş əsas və köməkçi təyinatlı 86 bina və qurğu sökülüb, “Sevan” Milli Parkı tərəfindən isə 2 müqaviləyə xitam verilib.

Xatırladılıb ki, 2026-cı il fevralın 24-də Ermənistanın keçmiş təhsil və elm naziri Armen Aşotyanın qardaşı tərəfindən mütləq yüksəklik nişanından aşağı torpaq sahəsində qanunsuz tikilmiş kottec, həmçinin Göyçə vilayətinin keçmiş rəisi Rafik Qriqoryanın oğlu Karen Rafikin Qriqoryan tərəfindən qanunsuz tikilmiş kottec də sökülüb. Qeyd olunub ki, həmin kotteclər tikildiyi torpaq sahələri üzrə inşaatçılar hətta icarə hüququna belə malik olmayıblar”, - deyə məqalədə bildirilib.

Müəllifin sözlərinə görə, prokurorluq 2026-cı il fevralın 2-də də məlumat vermişdi ki, həmin gün Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyan tərəfindən qanunsuz tikilmiş Göyçə villasının mütləq yüksəklik nişanından aşağı hissəsində yerləşən hasar, beton istinad divarları, maili eniş və digər tikililər sökülüb. Prokurorluq qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı iddia çərçivəsində, digər tələblərlə yanaşı, bu villanın da Vladimir Qasparyandan və onunla əlaqəli şəxslərdən müsadirə olunmasını tələb edir.

“Bundan başqa, Prokurorluq tərəfindən məhkəməyə təqdim olunan iddialar arasında aşağıdakılar da yer alır:

Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyan tərəfindən qanunsuz tikilmiş Göyçə villası - Göyçə vilayəti, Draxtik icması, 1-ci küçə 97,
“Harsnaqar” hotelinin inzibati kompleksi - Göyçə şəhəri, Yerevanyan şossesi 50,
“Harsnaqar” hotelinin kottecləri - Göyçə şəhəri, Yerevanyan şossesi 48/6,
Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti, parlamentin keçmiş deputatı Ruben Hayrapetyan tərəfindən qanunsuz tikilmiş Göyçə villası - Göyçə şəhəri, İstirahət zonası, 3-cü küçə 38,
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohyan tərəfindən qanunsuz tikilmiş Göyçə villası - Göyçə vilayəti, Draxtik icması, 1-ci küçə 71,
“Kapavor” MMC-nin direktorlar şurasının sədri Arman Hakobcanyan tərəfindən qanunsuz tikilmiş Göyçə villası - Göyçə vilayəti, Draxtik icması, 1-ci küçə 88.


Baş Prokurorluğun dövlət maraqlarının müdafiəsi idarəsi və Göyçə vilayət prokurorluğu tərəfindən dövlət maraqlarının müdafiəsi üzrə iddia qaldırmaq səlahiyyəti çərçivəsində aparılan araşdırmaların nəticəsi olaraq, cinayət əlamətləri barədə materiallar ibtidai istintaq orqanlarına göndərilib və cinayət işləri başlanıb”, - deyə nəşr bildirib.

Məqalə müəllifinin sözlərinə görə, erməni sakinlərin “niyə binanı sökürsünüz, onu sosial cəhətdən aztəminatlı ailələrə vermək olar” sualına cavab olaraq bildirilib ki, Göyçə gölünün 1905,0 metr mütləq yüksəklik nişanından aşağı əraziləri su altında qalma təhlükəsi olan və sahilyanı mühafizə zonası sayılır.

“Hökumətin 2008-ci il dekabrın 18-də qəbul etdiyi 1563-N nömrəli qərara əsasən, Göyçə gölünün səviyyəsinin qalxması nəticəsində su altında qalma və subasma riski olan ərazilər “Sevan” Milli Parkının su sərhədindən 1905,0 metr mütləq yüksəklik nişanına qədər olan hissəni əhatə edir.

Bu səbəbdən sökülən tikililərin “başqa məqsədlə verilməsi” ilə bağlı təkliflərin hüquqi əsası yoxdur. Çünki:

Onlar su altında qalma riski olan ərazidə yerləşir və suda qala bilər,
Onlara dair mülkiyyət hüququnun qeydiyyatı mümkün deyil, bu, Ermənistan qanunvericiliyi ilə qadağandır,
Bu tikililərin mövcudluğu Göyçə gölünün ekosisteminə, gölün təmizliyinə və suyun keyfiyyətinə zərər vurur”, - deyə nəşr qeyd edib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Göyçə   Göl   Ohanyan  


Bizi "telegram"da izləyin