Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri “Ermənistanın dövlət borcu: rəqəmlər, faktlar, artan faiz ödənişləri” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, dövlət borcu hakimiyyət və müxalifət arasında daimi müzakirə mövzularından biridir.
“Dövlət büdcəsinin xərcləri gəlirlərdən, yəni vətəndaşlardan və bizneslərdən toplanan vergilərdən çox olduğu üçün dövlət cari xərcləri tam qarşılamaq məqsədilə borc götürür.
Beləliklə, illər ərzində Ermənistanın dövlət borcu formalaşıb və artıb.
Borcdakı artım təkcə mövcud hakimiyyət dövründə deyil, əvvəlki illərdə də müşahidə olunub. İqtisadi şoklar zamanı ölkə daha çox borca güvənib. Bu, xüsusilə 2020-ci ildə pandemiya və Qarabağ müharibəsi fonunda iqtisadiyyatın zəiflədiyi, büdcə gəlirlərinin azaldığı dövrdə özünü göstərib.
Baş nazir Nikol Paşinyan 2025-ci il noyabrın 13-də parlamentdə çıxışı zamanı bildirib: “Demək istəmirdik, amma deyək, silah almışıq. Silah almışıq və bunu borc hesabına etmişik, çünki buna ciddi ehtiyac var idi və dərhal lazım idi”.
Onun sözlərinə görə, borcun artmasına 2020-ci il pandemiyası da təsir edib: “Bilirsiniz ki, COVID olub. Müharibə dövründə ölkənin pandemiyanın öhdəsindən gəlməsi üçün kredit götürmüşük”, - deyə müəllif vurğulayıb.
Nəşr bildirib ki, lakin borc yalnız müharibə və pandemiya dövründə deyil, sonrakı illərdə də artmağa davam edib. Hətta 2022-ci ildən sonra, Ermənistanın Qərb ilə Rusiya arasında ticarətdə tranzit ölkəyə çevrildiyi və yüksək iqtisadi artım qeydə aldığı dövrdə də borc artıb.
“Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan “Heq”ə bildirib ki, ümumi məntiq ondan ibarətdir ki, borc gələcək inkişaf üçün investisiya kimi götürülür və gələcəkdə gəlirlərin borcla bağlı xərclərdən daha sürətli artması hədəflənir.
Ermənistanın dövlət borcu daxili və xarici borcların cəmidır.
Bu ilin yanvar ayının sonuna olan məlumata görə, ümumi borcun təxminən yarısı, 7,2 milyard dolları xarici borcdur. Bunun 6,7 milyard dolları hökumətin, qalan hissəsi isə Mərkəzi Bankın borcudur.
Xarici borcun böyük hissəsi beynəlxalq təşkilatlardan və müxtəlif ölkələrdən, Dünya Bankı, Asiya İnkişaf Bankı, Fransa, Rusiya və digərlərindən alınan kreditlərdən ibarətdir”, - deyə müəllif yazıb.
Nəşr qeyd edib ki, daxili borc isə hazırda 7,4 milyard dollar və ya 2,8 trilyon dram təşkil edir.
“Bu, dövlətin vətəndaşlara və hüquqi şəxslərə olan borcudur. Onlar dövlət istiqrazları alaraq müəyyən müddətdən sonra faizlə geri almaq şərti ilə dövlətə vəsait veriblər.
Qeyd olunur ki, dövlət borcunun müəyyən hissəsi Mərkəzi Banka məxsusdur. Maliyyə Nazirliyi isə bu borcu ayrıca hesablayaraq dövlət borcuna daxil etməməyi qərara alıb və bunu beynəlxalq təcrübə ilə əsaslandırır. Lakin bu yanaşma ümumi borcun daha az göstərilməsinə səbəb olur.
Son illərdə daxili borc daha sürətlə artıb. Dövlət bunu daha təhlükəsiz hesab edir, çünki bu borc milli valyuta ilə verilir və valyuta risklərinə məruz qalmır. 2018-ci ildən etibarən daxili borc 6 milyard dollar, xarici borc isə 1,5 milyard dollar artıb.
Hakimiyyət dövlət borcu ilə bağlı narahatlıqları azaltmağa çalışır. İqtisadiyyat naziri Gevorq Papoyan isə bəzi hallarda yalnız xarici borcu qeyd etməklə ictimaiyyəti yanlış yönləndirir. Halbuki daxili borc da ən azı xarici borc qədər böyükdür və onun xidmət xərcləri daha yüksəkdir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az