İsrailin “Yediot Ahronot” nəşrinin siyasi şərhçisi isə baş nazir Benyamin Netanyahunu kəskin tənqid edib. O qeyd edib ki, Netanyahu artıq üçüncü dəfədir xalqa müraciət edərək “tarixi qələbənin çox yaxın olduğunu” bəyan edir. İsrailli müəllif onun mövqeyini “monoloq və suallardan yayınma” kimi qiymətləndirib. O, son iki həftədə İran tərəfindən həyata keçirilən raket zərbələrinə toxunaraq bildirib ki, ölkədə “insanlar ev-sığınacaq-qorunan otaq rejimində yaşayır və heç kim bunun sonunu proqnozlaşdıra bilmir”.
Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin məlumatına görə, bir qrup demokrat konqres üzvü ABŞ-nin prezidenti Donald Trampa müraciət edərək İrana qarşı müharibənin dayandırılması üçün dərhal danışıqlara başlanmasını tələb edib. İran mənbələri isə bildiriblər ki, ötən gün sabiq xarici işlər naziri Kamal Xarazi ağır yaralanıb. Məlumata görə, ABŞ ilə mümkün danışıqlarla bağlı məsələləri Pakistanın vasitəçiliyi ilə məhz o müzakirə edirdi.
Bəzi ekspertlər hesab edirlər ki, İsrail Xarazini ABŞ-nin razılığı olmadan hədəfə alıb və məqsəd İran-ABŞ danışıqlarını pozmaq olub. Rusiyanın “Kommersant” qəzetinin siyasi şərhçisi isə əmindir ki, Donald Tramp “İran rejimini devirmək niyyətindən imtina edib və əsas prinsiplər üzrə məsələləri danışıqlar yolu ilə həll etməyə çalışır”.
Qərbin nüfuzlu media qurumları qeyd edir ki, İranın “dövlət sistemi dayanıqlıdır və ABŞ tərəfinə yeni şərtlər irəli sürür”. Belə bir təəssürat yaranır ki, İran “silahlı münaqişədən daha güclü mövqedə çıxmaq və qlobal miqyasda ciddi rol oynayan aktora çevrilmək imkanına malikdir”.
İstisna deyil ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a verdiyi müsahibədə “Tramp yolu” (Zəngəzur dəhlizi) layihəsinin “Türkmənçay müqaviləsi ilə Cənubi Qafqazda formalaşmış balansı pozduğunu” deyərkən məhz bu perspektivi nəzərdə tutub. Türkmənçay müqaviləsinin 200 illiyi 2028-ci ildə tamam olacaq.
Asif Cəfərov
Ordu.az