“Past”: Paşinyan Moskvada erməni-rus münasibətlərini gərginləşdirir

2026/04/1775202624.jpg
Oxunub: 419     15:19     11 Aprel 2026    
“Rusiya istəyir ki, Ermənistanda fəaliyyət göstərən bütün siyasi qüvvələr seçkilərdə iştirak etsin. Bunu Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanla görüşün əvvəlində bildirib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan Moskvada erməni-rus münasibətlərini gərginləşdirir” başlıqlı məqaləsində yazıb.

“Rusiyada çoxlu erməni yaşayır. Biz hesab edirik ki, onların sayı 2 milyondan çoxdur. Ermənistanda isə Rusiyameyilli çoxlu siyasi qüvvələr var. Biz istərdik ki, bütün bu siyasi qüvvələr və siyasətçilər seçkilər zamanı daxili siyasi proseslərdə iştirak edə bilsinlər”, - deyə Putin bildirib.

Nəşrə görə, Putin ad çəkmədən qeyd edib ki, bəzi şəxslər həbsdədir, ancaq onların Rusiya vətəndaşlığı var. “Bu sizin qərarınızdır, biz qarışmırıq. Amma istərdik ki, onlar daxili siyasi proseslərdə iştirak edə bilsinlər”, - deyə o vurğulayıb.

“Aydındır ki, Putinin bu xəbərdarlığı məhz iş adamı Samvel Karapetyana aiddir. O, Rusiya vətəndaşıdır və hazırda kilsəyə dəstək verdiyinə görə ev dustaqlığı altındadır.

Paşinyanın cavabı isə, yumşaq desək, diplomatik olmayıb. O bildirib ki, Ermənistanda sosial şəbəkələr, məsələn, yüz faiz azaddır və heç bir məhdudiyyət yoxdur. Onun sözlərinə görə, hətta bəziləri bunun həddindən artıq olduğunu düşünür. Bu isə faktiki olaraq Rusiyaya yönəlmiş eyhamdır, çünki hazırda Ukrayna müharibəsi fonunda orada sosial şəbəkələrə ciddi məhdudiyyətlər tətbiq olunur”, - deyə nəşr qeyd edib.

Müəllifin yazdığına görə, Paşinyan həmçinin qeyd edib ki, Ermənistanda siyasi məhbus yoxdur və seçkilərdə yalnız Ermənistan vətəndaşlığı olan şəxslər iştirak edə bilər.

“Rusiya vətəndaşlığı olan şəxslərə hörmətlə yanaşsaq da, Ermənistan Konstitusiyasına görə onlar nə deputat, nə də baş nazirliyə namizəd ola bilərlər”, - deyə Paşinyan bildirib.

“Beləliklə, Ermənistan hakimiyyəti faktiki olaraq rus tərəfdaşlarının mövqeyini rədd edib və Rusiyameyilli siyasi qüvvələrə qarşı təzyiqlərin daha da artacağı gözlənilir. Bu gərginliyin Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını isə zaman göstərəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin