Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “1 aprel mesajı: Moskva açıq danışdı, İrəvan seçim qarşısındadır” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Paşinyanın hazırkı siyasi xətti bir tərəfdən Rusiya ilə münasibətləri qorumağa, digər tərəfdən isə Avropa istiqamətini fəallaşdırmağa yönəlib və bu, getdikcə daha çox ziddiyyətlər yaradır. Ekspertlərin fikrincə, bu ikili yanaşma artıq Moskvada balanslı siyasət kimi deyil, etimadsızlıq doğuran davranış kimi qəbul olunur. Bu fonda Rusiya rəhbərliyi diplomatik ifadə tərzini qorusa da, eyni zamanda aydın şəkildə göstərib ki, Ermənistanla əməkdaşlığa hazır olması şərtidir və İrəvanın addımlarından asılıdır.
“Rusiya baş nazirinin müavini Aleksey Overçukun səsləndirdiyi qiymətləndirmələr də artan narahatlıqlardan xəbər verir. Ermənistanın iqtisadi siyasəti, Avropa istiqamətində yaxınlaşma cəhdləri və regional proseslərə yanaşması Rusiya tərəfdə xüsusilə ticarət-iqtisadi münasibətlərin gələcəyi baxımından suallar doğurur. Bu isə artıq problemin yalnız siyasi deyil, həm də birbaşa iqtisadi nəticələrə malik olduğunu göstərir.
Bu kontekstdə qaz qiyməti məsələsi xüsusilə diqqətçəkən nümunəyə çevrilir. Avropa bazarında qazın qiyməti yüksək səviyyələrə çatdığı halda, Ermənistan onu hələ də xeyli daha əlverişli şərtlərlə əldə edir. Lakin ekspertlərin fikrincə, siyasi münasibətlər pisləşməyə davam edərsə, belə güzəştli rejim sonsuz ola bilməz. Bu isə vətəndaşların sosial vəziyyətinə birbaşa təsir göstərəcək, gəlirlər artmadığı halda həyat xərclərini yüksəldəcək”, - deyə məqalədə qeyd edilib.
Müəllifin sözlərinə görə, görüşün nəticələri ilə bağlı müzakirələr Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın açıqlamasından sonra daha da kəskinləşib. Onun sözlərinə görə, Putinin çıxışı sadəcə diplomatik ifadələr toplusu deyil, Ermənistanın hazırkı vəziyyətinin zəif tərəflərini açıq göstərən siyasi mesaj idi. Oskanyan qeyd edib ki, Rusiya tərəfi faktiki olaraq üç əsas məqamı vurğulayıb: Ermənistan nəyi əldə edib, nəyi artıq itirib və mövcud siyasət davam edərsə, daha nələri itirə bilər.
“Onun fikrincə, diplomatik örtüyü kənara qoyduqda, Moskvanın mesajı kifayət qədər sərt idi: Ermənistan rəhbərliyi vəziyyətin ciddiliyini qiymətləndirmir və səhv istiqamətdə irəliləyərək təkcə ikitərəfli münasibətləri deyil, həm də ölkənin sosial-iqtisadi sabitliyini risk altına qoyur.
Bu fonda daha aydın görünür ki, Ermənistanın xarici siyasət seçimləri artıq nəzəri müzakirə mövzusu deyil, ölkənin iqtisadiyyatına, təhlükəsizliyinə və vətəndaşların gündəlik həyatına birbaşa təsir edən amilə çevrilib. Qısamüddətli maraqlara əsaslanan siyasi hesablamalar uzunmüddətli itkilərə gətirib çıxara bilər və bunun yükünü cəmiyyət daşıyacaq.
Beləliklə, aprelin 1-də keçirilən görüş adi diplomatik hadisə deyil, Ermənistan hakimiyyətinə ünvanlanmış açıq siqnal oldu. Moskva sərhədləri göstərməyə çalışdı, İrəvan isə seçim qarşısında qaldı: ziddiyyətli siyasəti davam etdirmək, yoxsa mümkün nəticələri nəzərə alaraq yanaşmasını yenidən gözdən keçirmək?”, - deyə nəşr bildirib.
Müəllif vurğulayıb ki, lakin bu seçim artıq təkcə hakimiyyətin problemi deyil.
“Söhbət ölkənin strateji istiqamətindən, iqtisadi sabitliyindən və cəmiyyətin sosial təhlükəsizliyindən gedir. Əgər siyasi hesablamalar dövlət maraqlarını üstələməyə davam edərsə, bunun qiymətini siyasi elita deyil, adi vətəndaşlar artan tariflər, bahalaşma və həyat səviyyəsinin aşağı düşməsi ilə ödəyəcək.
Moskvadan verilən mesaj, nə qədər diplomatik formada təqdim olunsa da, mahiyyət etibarilə aydındır: Ermənistan üçün səhvlərin qiyməti indiyədək çəkilənlərdən qat-qat ağır ola bilər. İrəvanın bu siqnalı vaxtında anlayıb siyasətini dəyişib-dəyişməyəcəyini isə yaxın gələcək göstərəcək”, - deyə məqalədə qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az