“Past”: Rusiya Nikol Paşinyana sərt xəbərdarlıq edir

2026/04/1775201191.jpg
Oxunub: 460     17:26     03 Aprel 2026    
Moskvada Paşinyan-Putin görüşü zamanı Rusiya prezidenti açıq şəkildə Ermənistana mümkün problemlər barədə xəbərdarlıq edib və hətta qaz qiymətlərinin artımına eyham vurub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Rusiya Nikol Paşinyana sərt xəbərdarlıq edir” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, daha sonra isə Rusiya baş nazirinin müavini Aleksey Overçukun müsahibəsi göstərir ki, erməni-rus münasibətləri təhlükəli mərhələyə çatıb. Onun sözlərinə görə, Ermənistan elə bir nöqtəyə yaxınlaşıb ki, Rusiya onunla iqtisadi münasibətlərini yenidən qurmağa məcbur qala bilər.

Dəmir yolu məsələsinə toxunan Overçuk bildirib ki, Rusiyanın bütün qonşuları, hətta Avropa İttifaqına üzv ölkələr belə, Rusiya dəmir yolu şəbəkəsindən istifadə və “Rusiya Dəmir Yolları” ilə əməkdaşlıqda maraqlıdır, yalnız Ermənistan rəhbərliyi bu əməkdaşlığın davamını sual altına alır.

O qeyd edib ki, Moskva Ermənistanın Avropa İttifaqına daxil olmağa hazırlaşdığını görür və bu birlik Rusiyaya qarşı düşmən blok hesab olunur.

Overçukun sözlərinə görə, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma siyasəti iqtisadi geriləməyə səbəb olur və Rusiyaya qarşı yönəlmiş hərbi-siyasi blokla nəticələnir.

“Ermənilər Rusiyaya düşmən blokun tərkib hissəsi olmaq istəyirlər, yoxsa yox, bu, onların öz işidir. Amma biz görürük ki, onları buna hazırlayırlar və bunun uzunmüddətli ağır nəticələri olacaq”, - deyə o bildirib.

Overçuk, həmçinin qeyd edib ki, “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsi üzrə sazişin imzalanması Cənubi Qafqazda regional balansı pozub.

Rusiya rəsmisi atom elektrik stansiyası məsələsinə də toxunaraq bildirib ki, “Rosatom” Ermənistan AES-in fəaliyyət müddətini 2036-cı ilə qədər uzada bilərdi, lakin İrəvan Avropa istiqamətini seçərək kifayət qədər məlumatlı olmayan Avropa podratçılarına üstünlük verir.

“Past” yazıb ki, Paşinyan hələ İrəvana qayıtmamış, “Rosselxoznadzor” rəhbəri Ermənistan tərəfindən karantin məhsullarına, o cümlədən Rusiyaya ixrac edilən mallara nəzarətin yetərsiz olduğunu bildirib.

“Bütün bunlar göstərir ki, Qərbin təsiri ilə Paşinyan demək olar ki, bütün məsələlərdə Rusiya tərəfini rədd edib və bu, ciddi siyasi və iqtisadi nəticələrə gətirib çıxara bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin