Erməni politoloq: “Bu, ərazilərin atəş açılmadan yeni təhvili prosesidir”

2026/03/1774936435.jpg
Oxunub: 427     12:53     07 Aprel 2026    
“Ermənistan və Azərbaycan arasında delimitasiya prosesi kimi təqdim edilən hərəkətlər, əslində delimitasiya və demarkasiya deyil, ərazilərin atəş açılmadan yeni təhvili prosesidir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Hrant Mikayelyan Gürcüstan-Ermənistan qaz kəmərinin istiqamətinin dəyişdirilməsi qərarının mümkün səbəblərindən danışarkən deyib.

Onun sözlərinə görə, erməni tərəfinin xahişi ilə Gürcüstan-Ermənistan qaz kəmərinin 5,5 kilometrlik hissəsinin yerinin dəyişdirilməsi də Ermənistan-Azərbaycan delimitasiya prosesi və yeni güzəştlərlə bağlı ola bilər.

“Bu gün aşağıdakılar baş verir: Ermənistanın irəlidə olduğu bütün istiqamətləri Azərbaycan geri tələb edir, Azərbaycanın irəlilədiyi istiqamətləri isə təbii ki, Azərbaycan tərəfi qaytarmaq niyyətində deyil. Yəni bu proses delimitasiya və demarkasiya deyil, əslində yeni ərazilərin təhvil verilməsi prosesidir. Sadəcə bu, atəş açılmadan, Ermənistan hökumətinin razılığı ilə və müharibə olmaması şərti ilə həyata keçirilir. Çünki Rubinyan və onun kimilər daim deyirlər ki, “sülhü oxşamaq, əzizləmək lazımdır, onu qorumaq üçün isə daim güzəştə getmək lazımdır”. Onlar sülhü qorumağın başqa yolunu bilmirlər. İndi Azərbaycan yeni tələblər irəli sürür və görürük ki, bu çərçivədə Paşinyan hazırda başqa hissələri də güzəştə getməlidir. Bu konkret epizodla bağlı hər şey aydınlaşacaq”, - deyə Mikayelyan qeyd edib.

Regional vəziyyətə toxunan erməni politoloq əlavə edib ki, İrana qarşı müharibə Ermənistanda keçiriləcək parlament seçkilərinə də çox ciddi təsir göstərəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mikayelyan   Ermənistan  


Bizi "telegram"da izləyin