Rus KİV-i: Paşinyan ermənilərə yeni ədliyyə sistemi və səhiyyə vəd edib: bunun müqabilində onlar Qarabağı unutmalı olacaqlar

2026/03/1774763856.jpg
Oxunub: 434     13:25     07 Aprel 2026    
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiya layihəsinin mətninin artıq hazır olduğunu açıqlayıb. Lakin sənədin dərc olunacağı dəqiq tarix hələ məlum deyil, çünki onu əvvəlcə hakim “Vətəndaş Müqaviləsi” partiyası müzakirə etməlidir.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın “Ng.ru” saytı “Paşinyan ermənilərə yeni ədliyyə sistemi və səhiyyə vəd edib: bunun müqabilində onlar Qarabağı unutmalı olacaqlar” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, erməni nazir vurğulayıb ki, mətn əvvəllər təsdiqlənmiş konseptual müddəalar əsasında hazırlanıb və mövcud idarəetmə sistemində hər hansı dəyişiklik nəzərdə tutulmur. Bundan əlavə, sosial təminat və səhiyyə hüquqlarının fundamental hüquqlar səviyyəsinə qaldırılması planlaşdırılır ki, bu da dövlət üçün onları qorumaq baxımından daha böyük “müsbət öhdəlik” yaradacaq.

Məhkəmə sistemində də köklü islahatlar gözlənilir: andlılar məhkəməsinin tətbiqi, iki pilləli apellyasiya sisteminin yaradılması, işlərə yazılı baxış mexanizmi, eləcə də Ali Məhkəmə Şurasının qərarlarının şikayət olunması imkanları nəzərdə tutulur.

“Bundan başqa, məlumdur ki, yeni Konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olmayacaq. Baş nazir Nikol Paşinyan bunu açıq şəkildə bəyan edib.

O, mövqeyini nümayiş etdirmək üçün “soyqırımı muzey-institutu”nun (qondarma-red.) direktoru Edita Qzoyanı vəzifəsindən azad edib. Bildirilir ki, o, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin səfəri zamanı ona Qarabağ ilə bağlı kitab hədiyyə etmişdi”, - deyə müəllif bildirib.

KİV-in yazdığına görə, Paşinyan qeyd edir ki, Qarabağa bu cür istinadlar hökumətin siyasi gündəliyinə ziddir. Paşinyan eyni zamanda Erməni Apostol Kilsəsinin nümayəndələrini də tənqid edib. “Mən kilsə mərasimlərinə gedirəm və görürəm ki, mərasim zamanı, halbuki mətnində belə bir şey yoxdur, kənara çıxaraq “artsax respublikası” və sair ifadələrə istinad edirlər. Belə hər bir cümlə müharibəyə çağırış deməkdir”, - deyə o xəbərdarlıq edib.

Erməni siyasi analitik Arşaluys Mğdesyan hesab edir ki, hökumətin təklif etdiyi konstitusiya dəyişiklikləri erməni cəmiyyətinin gözlədiyi ən vacib məsələ deyil.

Onun sözlərinə görə, vətəndaşlar ilk növbədə Konstitusiyanın “superbaş nazirlik” idarəetmə modelinə son qoymasını istəyərdilər.

“Effektiv əks-çəki və balans mexanizmləri lazımdır, halbuki hazırda bu yoxdur. Mövcud Konstitusiya siyasi sistemi müxtəlif hakimiyyət mərkəzləri arasında dialoq yolu ilə inkişaf etdirməkdən çox, baş nazirin hakimiyyətini gücləndirməyə xidmət edir. Xüsusilə “sabit çoxluq” mexanizmi sayəsində parlament seçkilərində qalib gələn qüvvə faktiki olaraq bütün hakimiyyəti əldə edir. Əslində, Ermənistan əvvəl superprezidentlik, indi isə superbaş nazirlik idarəetmə formasına malikdir”, - deyə o izah edib.

Eyni zamanda Mğdesyan qeyd edib ki, yeni Konstitusiyanın preambulasının məzmunu da mühüm məsələ olaraq qalır. Aydındır ki, Paşinyan onu dəyişmək istəyir və bu, cəmiyyətin əhəmiyyətli hissəsində narahatlıq yaradır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin