Rusiyalı analitik: “Tramp İran əleyhinə bütün mümkün imkanlardan istifadə etməyə çalışacaq, Cənubi Qafqaz üçün də təhlükələr var”

2026/03/1774703927.jpg
Oxunub: 438     16:48     04 Aprel 2026    
“İrana qarşı müharibə hələ bir neçə həftə davam edəcək, ABŞ müharibənin gedişini ABŞ və İsrailin xeyrinə dəyişmək üçün çıxış yolları tapmağa çalışacaq, bunun üçün isə regionda quru əməliyyatları üçün imkan tapmağa cəhd göstərəcək”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı şərqşünas Viktor Nadeyin-Rayevski İrana qarşı genişlənən qlobal müharibəyə toxunarkən deyib.

Onun fikrincə, hazırda ABŞ üçün vəziyyət aydın deyil, çünki yalnız hava qüvvələri ilə nə qısamüddətli əməliyyat həyata keçirmək və qarşıya qoyulan məqsədlərə çatmaq mümkün olub, nə də müharibənin uzanması Vaşinqtonun problemini həll edir və İrana ABŞ şərtlərini diktə etməyə imkan verir.

Ekspertin sözlərinə görə, əks proses gedir: İran İsraildə, Qətərdə və BƏƏ-də enerji infrastrukturuna nöqtə zərbələri endirir, Hörmüz boğazını bağlayır, bununla da Tramp administrasiyası üçün ciddi iqtisadi problemlər yaradır, eyni zamanda həm daxili siyasi narazılıqları, həm də xarici ziddiyyətləri, xüsusilə də müharibənin və bahalaşan enerji daşıyıcılarının ilk nəticələrini hiss edən Avropa ilə münasibətlərdə artırır.

Analitik hesab edir ki, ABŞ-də İrana qarşı quru qüvvələrinin cəmləşdirilməsi barədə düşünə bilərlər, lakin bu, regionun uzaqlığı səbəbindən son dərəcə böyük resurslar tələb edir.

“Onsuz da, bəzi məlumatlara görə, bu müharibə ABŞ üçün çox bahalıdır. ABŞ prezidentinin komandasının seçki kampaniyası ərəfəsində müharibənin belə gedişi çox təhlükəlidir, çünki uğursuzluqlar, yanlış hesablamalar və xərclənən milyonlarla dollar ölkə daxilində narazılığı artırır. Lakin bütün bunlara baxmayaraq, Trampın geri çəkiləcəyini görmürəm, hərçənd bəyanatlar bəzən belə təəssürat yaradır.

Daha çox düşünürəm ki, o, İrana qarşı quru imkanlarından istifadə etməyə çalışacaq, söhbət kürdlərdən gedir. Lakin burada da, məncə, uğur qazanmayacaq, çünki şiə inancı fərqli sistemə malikdir, mövcud vəziyyətdə onlar başqa cür səfərbər olunur, buna görə də ABŞ-nin belə ümidləri özünü doğrultmayacaq. Amma aydındır ki, İranın rəqibləri bu prosesə mümkün qədər çox ölkəni cəlb etməyə çalışacaqlar. Yəni mümkün olan bütün vasitələrdən istifadə olunacaq.

Buna əlavə gərginlik yaradan amil odur ki, İsrail İranla danışıqlara meylli deyil və ABŞ-ni uzunmüddətli müharibə ssenarisinə sövq edir, çünki təkbaşına İranla uzun müddət qarşıdurma aparmaq gücündə deyil”, - deyə o bildirib.

Ekspert ABŞ Milli Əks-Terror Mərkəzinin direktoru Cozef Kentin istefasına və açıqlamalarına da diqqət çəkib.

Rayevski hesab edir ki, ABŞ-da çoxları anlayır ki, bu, ABŞ-nin müharibəsi deyil və yalnız İsrailə aid məsələdir.

“Beləliklə, ABŞ sanki tələyə düşüb, Vaşinqton üçün kifayət qədər mürəkkəb mənzərə formalaşıb”, - deyə o bildirib.

O, həmçinin Trampın “İran xalqı ABŞ-nin razılığını alacaq rəhbər seçməlidir” bəyanatına təəccüb etdiyini qeyd edib: “ABŞ-da doğrudanmı düşünürlər ki, İran Venesueladır? ABŞ-də şiə islamının nə olduğunu, İran İslam Respublikasının hansı sistemdə yaşadığını və rəhbərlərin, bu halda ali dini liderin necə seçildiyini bilmirlər. Bu cür hər şeyi bəyan etmək olar, lakin bunlar heç vaxt reallığa çevrilməyəcək”, - deyə Rayevski bildirib.

Cənubi Qafqazdan danışarkən o deyib ki, əsas təhlükə ABŞ və İsrailin İranla müharibədə qonşu ölkələrdən istifadə etməyə çalışmasıdır.

Onun sözlərinə görə, belə bir ssenari baş verərsə, bu, region üçün dramatik hadisə olacaq.

“Niyə dramatik? Çünki İran mütəmadi olaraq xəbərdarlıq edir. Müharibənin əvvəlindən Fars körfəzindəki ABŞ bazalarına və digər obyektlərə endirilən zərbələr təkcə region üçün deyil, bütün dünya üçün narahatlıq doğurur. Buna görə də Cənubi Qafqazın hər hansı formada bu prosesə cəlb edilməsi müharibənin coğrafiyasını genişləndirəcək. İran qətiyyətlidir və bu müharibəni sonuncu müharibə kimi aparır. Ermənistan isə böyük neytrallıq saxlamağa çalışır, hərçənd düşünürəm ki, İran tərəfdaş ölkələrdən dəstək gözləyir. Lakin Ermənistan-ABŞ son təmaslarını nəzərə alsaq, belə gözləntilər sadəlövhlükdür”, - deyə Rayevski qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rayevski   İran   ABŞ  


Bizi "telegram"da izləyin