Tramp bildirib ki, bazar günü keçirilən danışıqlar davam edəcək.
“Biz çox, çox effektiv danışıqlar apardıq. Görək bunlar nə ilə nəticələnəcək. Deyərdim ki, çox vacib məsələlər üzrə, demək olar ki, hamısı üzrə razılığa gəldik. Yəqin ki, bu gün telefonla da danışıqlar aparacağıq”, - deyə o bildirib.
Tramp əlavə edib ki, danışıqlara Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof və kürəkəni Cared Kuşner rəhbərlik edir. O, ABŞ-nin İran tərəfdən kimlə danışdığını açıqlamasa da, yüksək səviyyəli və nüfuzlu bir liderin iştirak etdiyini qeyd edib. Tramp həmçinin bildirib ki, ABŞ ali lider Müctəba Xameneyidən heç bir məlumat almayıb.
Tramp Xameneyinin sağ olub-olmadığını bilmədiyini deyib və onun öldürülməsini istəmədiyini vurğulayıb.
ABŞ lideri iddia edib ki, İran nüvə silahı yaratmamağa razılaşıb və sülh yolu ilə həllə hazırdır. “İndi İranın ABŞ və onun müttəfiqlərinə qarşı təhdidlərinə son qoymaq üçün daha bir şansı var və ümid edirik ki, onlar bundan istifadə edəcəklər”, - deyə o bildirib və qeyd edib ki, uğur əldə olunarsa, “ABŞ və bütün dünya daha təhlükəsiz olacaq”.
Tramp həmçinin deyib ki, ABŞ İranın nüvə materiallarını ölkədən çıxarmağa çalışır və danışıqların “demək olar ki, mükəmməl” getdiyini hesab edir.
Onun sözlərinə görə, razılaşmaların icrası “bu münaqişəni əhəmiyyətli dərəcədə sona çatdıracaq”.
Bundan əlavə, ABŞ prezidenti İranda ciddi siyasi dəyişikliklərin mümkünlüyünü də istisna etməyib. Onun fikrincə, ölkədə “çox ciddi rejim dəyişikliyi” baş verə bilər, həmçinin naməlum bir iranlı liderin iştirakı ilə “birgə idarəetmə” forması yaradıla bilər. Eyni zamanda, Tehranda bəzi rəsmilər danışıqların baş verdiyini inkar edir. Tramp isə bunu məlumatın “hamıya çatdırılmaması” ilə izah edib.
“Axios”un məlumatına görə, vasitəçi qismində Pakistan, Misir və Türkiyə çıxış edir. Tehran isə Vaşinqtonla birbaşa və dolayı təmasları təkzib edir. İsrail mənbələrinin məlumatına əsasən, ABŞ-la əlaqələri İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf saxlayır. “Jerusalem Post” və “Axios” jurnalisti Barak Ravid də bu barədə məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Cared Kuşner Qalibafla əlaqə saxlayıblar. İsrailin Ynet nəşri də Qalibafın danışıqlarda iştirakını təsdiqləyir, lakin prosesin əsasən vasitəçilər üzərindən getdiyini bildirir. Qalibaf isə bu xəbərləri təkzib edərək “yalan məlumat” adlandırıb və bunun maliyyə və neft bazarlarına təsir etmək məqsədi daşıdığını deyib.
“İran xalqı təcavüzkarların tam və sərt şəkildə cəzalandırılmasını tələb edir”, - deyə o, “X” platformasında yazıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü də ABŞ ilə danışıqların aparıldığını təkzib edib. IRNA agentliyinin məlumatına görə, dost ölkələr ABŞ-nin müharibəni bitirmək üçün danışıqlara başlamaq istədiyini İran tərəfinə çatdırsa da, Tehran buna cavab verməyib.
Bu arada Tehran və Təl-Əviv arasında hərbi toqquşmalar davam edir. İsrail Tehran, Təbriz, İsfahan və digər bölgələrə zərbələr endirib. Ölənlər var. İran isə Təl-Əviv və İsrailin digər bölgələrini hədəfə alıb. İsrail mediası yaralılar və dağıntılar barədə məlumat verir. İran həmçinin Küveyt və Səudiyyə Ərəbistanına zərbələr endirib. “Reuters”in məlumatına görə, pilotsuz uuş aparatı hücumu nəticəsində Bəhreyndə “Amazon Web Services”in fəaliyyəti pozulub. Dünyada istehlak olunan neftin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı hələ də bağlıdır.
Ordu.az xəbər verir ki. rusiyalı analitik Fyodor Lukyanov hazırkı vəziyyəti şərh edib.
Lukyanovun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı müharibəsi elə bir mərhələyə çatıb ki, təşəbbüskarlar artıq növbəti addımların nə olacağını bilmirlər, çünki müharibə uzanır.
Onun fikrincə, Tramp İranın bir neçə zərbədən sonra tez təslim olacağına ümid edirdi.
“Bu, ABŞ-nin əsas hesablaması idi. Onlar düşünürdülər ki, İranın kifayət qədər resursu yoxdur və cavab verə bilməyəcək. Həmçinin hesab edirdilər ki, İran rəhbərliyini aradan qaldırmaqla hakimiyyət sistemi dağılacaq. Lakin bu, səhv hesablamalar idi. İranın real potensialı və regiondakı təsiri düzgün qiymətləndirilməmişdi. Xüsusilə İranın ABŞ müttəfiqlərinin enerji infrastrukturuna zərbələri, enerji qiymətlərinin artması və Hörmüz boğazının bağlanması ABŞ üçün ciddi problem yaratdı”, - deyə o bildirib.
Lukyanov qeyd edib ki, uzunmüddətli müharibə planlaşdırılmamışdı və buna görə də döyüşlərin uzanması bütün ssenariləri pozub.
“Tramp çox çətin vəziyyətə düşüb və bundan çıxış yolu axtarır. O, danışıqları uğur kimi təqdim etməyə çalışır, halbuki İran bunu təkzib edir və müharibə davam edir. ABŞ isə vasitəçilər vasitəsilə İranı danışıqlar masasına gətirməyə çalışır. Bu vəziyyət dünyaya Hörmüz boğazının əhəmiyyətini bir daha göstərdi. Trampın oraya nəzarət etmək barədə açıqlamaları da bununla bağlıdır. İran üçün də vəziyyət çətin olsa da, o, asanlıqla danışıqlara getməyəcək”, - deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ-nin bu vəziyyəti necə həll edəcəyi ölkənin qlobal nüfuzunu müəyyən edəcək.
“Bu, bütün regionlar, o cümlədən son vaxtlar ABŞ-nin mövqelərini gücləndirdiyi Cənubi Qafqaz üçün də həlledicidir”, - deyə Lukyanov qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az