Bu müharibə, tammiqyaslı geniş quru hərbi əməliyyatlarına çevrilib-çevrilməməsindən asılı olmayaraq, artıq 21-ci əsrin yeni hərbi-siyasi mexanizmlərinin sınaqdan keçirildiyi yeni dünya düzəninin formalaşmasının “laboratoriyası” kimi özünü göstərir. Bu vəziyyətin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, söhbət klassik “dövlət-dövlət” müharibə modelindən deyil, hərbi əməliyyatların yalnız bir komponent olduğu çoxqatlı strateji qarşıdurmadan gedir.
İrana qarşı əməliyyatlar eyni vaxtda hərbi zərbələri, iqtisadi təzyiqləri, texnoloji məhdudiyyətləri, kiberhücumları, informasiya müharibəsini və regional proksi qüvvələr vasitəsilə təsir uğrunda rəqabəti əhatə edir. Əməliyyatların sahəsi kifayət qədər genişdir, çünki demək olar ki, bütün regionu, İsraildən Fars körfəzi ölkələrinə qədər olan ərazini əhatə edir. Bu qarşıdurma göstərir ki, 21-ci əsrin müharibələri getdikcə kütləvi qoşun toqquşmalarından uzaqlaşır və dəqiqlik, texnologiya və nəzarət olunan eskalasiya müstəvisinə keçir.
İsrailin strategiyası qabaqlayıcı zərbələr doktrinasına əsaslanır, bu, məqsədi rəqibi klassik mənada məğlub etmək deyil, onun strateji imkanlarının yetişməsinin qarşısını almaqdır. İran məsələsində əsas hədəf nüvə proqramının, raket infrastrukturunun və regional təsir şəbəkələrinin məhdudlaşdırılmasıdır. ABŞ-nin iştirakı isə yeni bir fenomeni, “uzaqdan hökmranlıq” anlayışını vurğulayır, bu zaman supergüc birbaşa müharibəyə daxil olmadan da hərbi, kəşfiyyat və texnoloji dəstək vasitəsilə həlledici rol oynaya bilir.
Beynəlxalq münasibətlərdə ortaya çıxan yeni hadisələrdən biri də ittifaqların çevikliyidir. Əgər soyuq müharibə dövründə dünya aydın bloklara bölünmüşdüsə, indi müvəqqəti maraqlara əsaslanan koalisiyalar formalaşır. Tarixən İsraillə ziddiyyətləri olan bir sıra ərəb dövlətləri bu gün İranın artan təsirini ümumi təhlükə kimi qiymətləndirirlər ki, bu da səssiz yaxınlaşmalara gətirib çıxarıb. Ərəb ölkələri İranın zərbələri nəticəsində konkret zərərlər görür və mövqelərini də buna uyğun formalaşdırırlar. Bu, regionda misli görünməmiş vəziyyət yaradır: keçmiş rəqiblər təhlükəsizlik məsələlərində rəsmi ittifaqlar yaratmadan əməkdaşlıq edirlər.
Bu müharibə həm də “nüvə həddi siyasəti”nin yeni mərhələsini üzə çıxarır. İran rəsmi olaraq nüvə silahına malik olmadan nüvə qabiliyyətlərinin sərhədinə çatmağa çalışan dövlətlərdən biridir. Nəticədə çəkindirmə alətinə çevrilən strateji qeyri-müəyyənlik yaranır. ABŞ və İsrail bu həddin keçilməsinin qarşısını almağa çalışırlar, çünki anlayırlar ki, nüvə balansının dəyişməsi bütün Yaxın Şərqi yenidən formalaşdıracaq. Bu isə göstərir ki, gələcəyin münaqişələri çox vaxt nüvə silahının istifadəsi ətrafında deyil, ona sahib olma imkanı ətrafında cərəyan edəcək.
Digər mühüm xüsusiyyət müharibənin mərkəzsizləşməsidir. İran nadir hallarda birbaşa hərbi qarşıdurmaya gedir, bunun əvəzində Livandan Yəmənə və İraqa qədər uzanan regional tərəfdaşlar və silahlı qruplaşmalar şəbəkəsindən istifadə edir. Beləliklə, rəqibə təzyiq eyni vaxtda bir neçə cəbhədən göstərilən “şəbəkə müharibəsi” formalaşır. ABŞ və İsrail təkcə bir orduya qarşı deyil, bütöv bir təsir sisteminə qarşı mübarizə aparmağa məcbur olurlar.
Bu, beynəlxalq münasibətlərdə yeni reallıqdır, dövlətin gücü artıq təkcə öz ordusu ilə deyil, onun təsir şəbəkəsinin genişliyi ilə ölçülür.
Texnoloji amil də fundamental yenilikdir. PUA-lar, süni zəkaya əsaslanan kəşfiyyat, kiberzərbələr və informasiya manipulyasiyaları müharibəni daha sürətli, daha görünməz, daha qeyri-sabit və gözlənilməz edir. Müharibə zamanı alqoritmik təhlillər əsasında qərarlar saniyələr içində qəbul oluna bilər ki, bu da siyasi nəzarətin ənənəvi mexanizmlərini zəiflədir. Bu isə texnoloji yanlış hesablamalar nəticəsində genişmiqyaslı eskalasiya ehtimalı ilə bağlı yeni təhlükə yaradır.
İqtisadi müharibənin rolu da misilsizdir. Sanksiyalar hərbi əməliyyatlara bərabər alətə çevrilib. İrana qarşı iqtisadi məhdudiyyətlər təkcə iqtisadiyyatı zəiflətmək deyil, həm də cəmiyyət və siyasət daxilindəki balansı yenidən formalaşdırmaq məqsədi daşıyır. Bu kontekstdə müharibə maliyyə sistemlərinə, enerji bazarlarına və qlobal təchizat zəncirlərinə də keçir. Neft qiymətlərinin dalğalanması, dəniz marşrutlarının təhlükəsizliyi və enerji təchizatının siyasiləşdirilməsi onu göstərir ki, hərbi münaqişələr qlobal iqtisadi risklərin əsas mənbəyinə çevrilir.
Bu qarşıdurma digər tərəfdən beynəlxalq hüququn tədricən zəiflədiyini də göstərir. Qabaqlayıcı zərbələrin, gizli əməliyyatların və suveren ərazilərdə həyata keçirilən hədəfli hücumların artması göstərir ki, təhlükəsizlik məntiqi hüquqi məhdudiyyətlər üzərində üstünlük qazanır. Dövlətlər hərbi əməliyyatları daha tez-tez milli təhlükəsizliyin geniş yozumu ilə əsaslandırırlar ki, bu da presedent siyasəti formalaşdırır və müharibə ilə sülhü ayıran klassik meyarları sarsıdır.
Böyük güclərin rəqabəti kontekstində bu müharibə qlobal güc balansının sınağına da çevrilir. Çin və Rusiya birbaşa qarşıdurmaya qoşulmadan ABŞ resurslarının Yaxın Şərqdə cəmlənməsində maraqlıdırlar, çünki bu, Vaşinqtonun digər regionlardakı imkanlarını zəiflədir. Beləliklə, İran ətrafındakı gərginlik çoxqütblü dünyanın formalaşmasının tərkib hissəsinə çevrilir, burada regional müharibələr qlobal rəqabətin dolayı meydanlarına çevrilir.
Eyni zamanda bu qarşıdurma qlobal təhlükəsizlik paradoksunu da vurğulayır. Hərbi texnologiyalar və çəkindirmə mexanizmləri nə qədər inkişaf edirsə, məhdud, lakin daimi toqquşmaların ehtimalı da bir o qədər artır. ABŞ və İsrail nəzarət olunan eskalasiya yolu ilə regional balansı qorumağa çalışır, İran isə assimetrik cavablarla rəqibin hərəkətlərinin qiymətini artırır.
Faktiki olaraq dövlətlərin suverenliyi yenidən mənalandırılır, ittifaqlar çevikləşir, müharibə çoxölçülü olur, güc isə artıq təkcə hərbi deyil, texnoloji, iqtisadi və informasiya komponentlərinin birləşməsinə çevrilir. Beynəlxalq münasibətlər daha gözlənilməz, çoxqütblü və şəbəkə xarakterli sistemə doğru hərəkət edir, burada müharibə artıq istisna deyil, daimi təzyiq, rəqabət və yenidənformalaşdırma şəraitində siyasətin fasiləsiz alətidir.
Asif Cəfərov
Ordu.az