KİV: Avropa siyasi platformalarında seçici yanaşma açıq görünür

2026/03/1773307990.jpg
Oxunub: 438     17:29     04 Aprel 2026    
Avropa siyasi platformalarında bəzi liderlər açıq dəstək və siyasi təşviq alır, digər ölkələr və hökumətlər isə sərt tənqid və hətta siyasi təzyiqlə üzləşirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti “Avropa siyasi platformalarında seçici yanaşma açıq görünür” başlıqlı məqaləsində yazıb.

Nəşr bildirir ki, Avropa siyasi müzakirələrini izlədikdə bəzi rəhbərlərin tez-tez Avropa dəyərlərinin daşıyıcısı və tərəfdaşı kimi təqdim olunduğu, simpatiya və dəstəyə layiq görüldüyü müşahidə edilir.

“Bu kontekstdə tez-tez Mixeil Saakaşvili, Volodimir Zelenski, Nikol Paşinyan, Maya Sandu, Salome Zurabişvili kimi fiqurlar xatırlanır. Bu insanları birləşdirən əsas cəhət öz ölkələrinin maraqlarını iri geosiyasi güclərin qurbanlıq kürsüsünə qoymaları və Qərbin tapşırıqlarını kor-koranə yerinə yetirmələridir”, - deyə “Past” yazıb.

KİV qeyd edib ki, Avropa siyasi platformalarında bu liderlər çox zaman demokratik dəyişikliklərin simvolu kimi təqdim olunur və avropalı məmurların siyasi dəstəyi ilə açıq təriflərini qazanırlar.

“Təsadüfi deyil ki, onların çıxışları, məsələn, Avropa Parlamentində gurultulu alqışlarla qarşılanır. Eyni dövrdə Avropanın başqa ölkələrə və ya başqa siyasi fiqurlara münasibəti xeyli daha tənqidi ola bilir.

Bu ziddiyyət xüsusilə Gürcüstan məsələsində aydın görünür. Avropa siyasi dairələrində vaxtaşırı narazılıq ifadə olunur ki, Gürcüstan münasibətlərini təkcə Avropa strukturları ilə deyil, başqa ölkələrlə də inkişaf etdirməyə, o cümlədən iqtisadi və siyasi əlaqələrini dərinləşdirməyə çalışır”, - deyə “Past” qeyd edib.

Müəllifin fikrincə, hansısa ölkənin rəhbərliyi Avropanın dar geosiyasi prioritetləri ilə üst-üstə düşən siyasət yürüdürsə, ona münasibət daha əlverişli olur, əks halda isə siyasi gərginlik yaranır.

“Hər hansı hakimiyyət daha çoxvektorlu və ya diversifikasiya olunmuş xarici siyasət aparmağa çalışanda, bu, Avropa tərəfindən tez-tez şübhə və tənqidlə qarşılanır. Bu, iri geosiyasi mərkəzlər üçün xarakterik olsa da, Avropa məsələsində artıq bütün hədləri aşır. Diversifikasiya olunmuş xarici siyasət kiçik və orta dövlətlər üçün çox zaman sağ qalma strategiyası hesab edilir.

Dövlət müxtəlif geosiyasi mərkəzlərin maraqlarının kəsişməsində yerləşirsə, onun bir neçə istiqamətdə münasibət qurmağa çalışması təbiidir. Belə yanaşma xarici asılılıqları azaltmağa və daha geniş iqtisadi-siyasi imkanlar yaratmağa imkan verir. Lakin bu, Avropa üçün qəbuledilməz görünür”, - deyə “Past” bildirib.

Nəşr qeyd edib ki, Avropa qurumları hətta bunun fonunda daxili siyasi və sosial problemlər yaransa belə, çox vaxt Avropanın geosiyasi gündəmini qeyd-şərtsiz dəstəkləməyə hazır olan hökumətlərə daha loyal münasibət göstərir.

“Bunun fonunda daha bir mühüm sual ortaya çıxır: Avropa qurumları öz dəyərlər siyasətində nə dərəcədə ardıcıldır? Avropa daim insan hüquqlarının müdafiəsi və demokratik institutların inkişafını gündəliyinin əsas hissəsi kimi təqdim edir. Lakin tənqidçilər qeyd edirlər ki, Avropanın siyasi tərəfdaşı sayılan hökumətlər istədikləri kimi davranmaq üçün kart-blanş əldə edirlər”, - deyə nəşr vurğulayıb.

Məqalədə qeyd olunur ki, bu hökumətlər antidemokratik addımlar ata, insan hüquqlarını poza və müxaliflərlə bağlı sərt addımlar ata bilirlər, lakin Avropa qurumları buna göz yuma bilir.

“Bu hadisə beynəlxalq münasibətlərdə “seçici dəyərlilik” kimi tanınır. Yəni dəyərlər universal prinsiplər əsasında deyil, siyasi məqsədəuyğunluq məntiqi ilə tətbiq olunur. Belə vəziyyətlərdə insan hüquqları və demokratiya mövzularının çox vaxt beynəlxalq münasibətlərdə təsir aləti kimi istifadə olunduğu barədə təsəvvür formalaşır”, - deyə “Past” yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ermənistan  


Bizi "telegram"da izləyin