Ordu.az xəbər verir ki, bunu ABŞ-də yaşayan erməni ictimai xadim və “California Courier” qəzetinin baş redaktoru Harut Sasunyan deyib.
Onun sözlərinə görə, ABŞ ictimaiyyətinin böyük əksəriyyəti bu müharibəyə qarşıdır: “Amerika xalqının böyük əksəriyyəti bu müharibəni dəstəkləmir. Xüsusilə ona görə ki, prezident Tramp namizəd olarkən sülhdən danışır, özünü sülh prezidenti adlandırırdı. Amma biz gördük ki, ötən ilin iyununda İrana hücum etdi, bu ilin əvvəlində Venesuelaya, indi isə yenidən İrana hücum etdi. Bu, çox mənfi nəticələr doğuracaq”.
Sasunyan hesab edir ki, müharibə davam edərsə və daha da şiddətlənərsə, bu, İranın qonşu ölkələrinə də təsir edə bilər: “Artıq Türkiyədə bomba düşüb və bombalar Ermənistan ərazilərinə də düşə bilər”.
O qeyd edib ki, ABŞ hökumətinin İran və İraqdakı kürdləri silahlandırması regionda əlavə risklər yaradır: “Burada Ermənistan üçün böyük təhlükə var. Amerikalılar ölkəni parçalamaq istəyirlər və İranda çoxsaylı etnik azlıqlar yaşayır. ABŞ indi kürdlər haqqında düşünür. İranın şimalında radikal qrupları silahlandırmaq və orada qarışıqlıq yaratmaq mümkündür. Əgər bu baş verərsə, İran müxtəlif etnik bölgələrə bölünə bilər və bu, Ermənistan üçün çox pis nəticələr verər”.
Onun fikrincə, belə bir vəziyyətdə Ermənistanın baş naziri Nikol Paşinyan məsuliyyətsiz davranır.
“Belə gərgin vəziyyətdə, bütün dünyanın qarışdığı bir vaxtda Paşinyan nərd oynayır, “blot” oynayır, “peraşki” yeyir və bölgələrə səfərlər edir. Bu, ciddi deyil”, - deyə Sasunyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az