KİV: Avropa İttifaqı hələ də vəd edilmiş 12 milyon avro məbləğini köçürməyib

2026/02/1772277637.jpg
Oxunub: 403     19:01     08 Aprel 2026    
Avropa İttifaqı hələ də Ermənistana seçkilər ərəfəsində “hibrid təhdidlər”lə mübarizə üçün nəzərdə tutulan vəd edilmiş 12 milyon avro məbləğini köçürməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Usta, Aİ pulu verməyib” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, dekabr ayında Brüsseldə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bəyan etmişdi ki, Aİ qarşıdan gələn parlament seçkiləri ərəfəsində müəyyən institutların hibrid təhdidləri daha effektiv şəkildə proqnozlaşdırması və onlara cavab verməsi üçün Ermənistana 12 milyon avro dəstək göstərəcək. Aİ diplomatiyasının rəhbəri Kaya Kallas isə 15 milyon avro ayırmaq niyyətində olduqlarını bildirmişdi.

Kosun sözlərinə görə, maliyyələşmənin məqsədi xarici mənbələrdən gələn manipulyativ məlumatlara qarşı erkən xəbərdarlıq və sürətli reaksiya mexanizmləri yaratmaq, KİV-lərlə işləməklə və vətəndaş cəmiyyətini cəlb etməklə faktlara əsaslanan etibarlı narrativləri dəstəkləməkdir.

“Past”ın məlumatına görə, vəsaitin köçürülməsi, eləcə də onun mümkün artırılması məsələləri mart ayının ortalarında, Marta Kosun şəxsən Ermənistana səfəri zamanı müzakirə ediləcək.

“Mənbənin bildirdiyinə görə, Aİ-də vəsaitlərin artıq fəaliyyət göstərən media qurumları, təbliğat strukturları, eləcə də birbaşa öz nəzarətində olan təşkilatlar arasında bölüşdürülməsinə meyllidirlər. Ermənistan hakimiyyəti bir neçə yeni media qurumunun yaradılmasını təklif etsə də, seçkilərə az vaxt qaldığını və yeni KİV-lərin effektiv olmaya biləcəyini də anlayır. Eyni zamanda, mənbə qeyd edib ki, Aİ-nin sərəncamında fəaliyyət göstərən bəzi media qurumlarının işindən Paşinyan hakimiyyəti razı deyil və bu məsələ də Kosun səfəri zamanı müzakirə olunacaq.

Xatırladaq ki, bu yaxınlarda məlum olub ki, Avropa İttifaqı iyun ayında keçirilməsi planlaşdırılan parlament seçkiləri zamanı Rusiyanın müdaxiləsinin qarşısını almaq üçün Ermənistana yardım etməyə hazırlaşır”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, bu çərçivədə əvvəlcə Kremlin dezinformasiyasına qarşı mübarizə aparacaq “hibrid sürətli reaksiya qrupu”nun yerləşdirilməsi, daha sonra isə mümkündür ki, daha daimi mülki missiyanın yaradılması nəzərdə tutulur. Bu qruplar bir neçə olacaq və onlar üçün ayrıca maliyyələşmə ayrılacaq.

“Əlavə edək ki, məlumatlarımıza görə, bu vəsaitlə bağlı Ermənistanın siyasi meydanında, xüsusən də “qərbyönlü” adlandırılan seqmentdə müəyyən fikir ayrılıqları mövcuddur. Söhbət ayrılacaq vəsaitlər üzərində nəzarətdən, eləcə də mümkün qədər vahid mövqedən çıxış etməkdən gedir. Hər iki məsələ üzrə hazırda razılaşma əldə olunmayıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin