Ermənistanın sabiq müdafiə naziri: “Azərbaycanda müharibə mərkəzləşdirilmiş hərbi-siyasi struktur vasitəsilə idarə olunub”

2026/02/1772277237.jpg
Oxunub: 476     19:01     08 Aprel 2026    
“Ermənistanın hazırkı konstitusiyası təhlükəli fəaliyyət göstərən idarəetmə modelinin əsasıdır, mən yarımprezident idarəetmə sisteminə qayıtmağı təklif edirəm”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, erməni general-mayor Arşak Karapetyan deyib.

Karapetyan xatırladıb ki, vaxtilə indiki hakimiyyətin nümayəndələri konstitusiyanı tənqid edərək onu “sifarişlə hazırlanmış” və ya “başqasının ölçüsünə tikilmiş kostyum” kimi xarakterizə edirdilər, halbuki bu gün eyni sənəddən tam şəkildə istifadə edirlər.

Onun sözlərinə görə, qüvvədə olan konstitusiyanın qəbul edildiyi referendum cəmiyyətin geniş təbəqələri tərəfindən mübahisəli hesab olunur, lakin problem təkcə qəbul prosedurunda deyil, məzmundadır.

Keçmiş erməni nazir vurğulayıb ki, yarımprezident idarəetmə sistemində hakimiyyətin bölgüsü və qarşılıqlı nəzarət mexanizmi mövcud idi: “Xalq birbaşa həm parlamenti, həm də prezidenti seçirdi. Prezident iqtisadi idarəetməyə cavabdeh olan Baş nazir namizədini təqdim edir, parlament isə həmin təyinatı təsdiqləyirdi. Güc strukturları və təhlükəsizlik sahəsi prezidentin nəzarətində olurdu, maliyyə-iqtisadi siyasəti isə hökumət həyata keçirirdi”.

Karapetyanın qənaətincə, hazırkı parlament idarəetmə modelində əsas hakimiyyət rıçaqları baş nazirin əlində cəmləşib. Onun qiymətləndirməsinə görə, partiya sistemi ideoloji rəqabəti deyil, resurslar uğrunda mübarizəni stimullaşdırır və nəticədə siyasi yüksəliş çox vaxt peşəkarlıqla deyil, daxili güc balansları ilə şərtlənir.

2020-ci il müharibəsinə ayrıca toxunan Karapetyan məğlubiyyətin səbəbini nə əsgərlərin, nə də komandirlərin fəaliyyətində görmədiyini bildirib. Onun sözlərinə görə, problem idarəetmə sistemində idi. O qeyd edib ki, Azərbaycanda müharibə müxtəlif sahələrin mütəxəssislərinin cəlb olunduğu mərkəzləşdirilmiş hərbi-siyasi struktur vasitəsilə idarə olunub, Ermənistan isə faktiki olaraq bütün məsuliyyəti hərbçilərin üzərinə qoyub.

Karapetyan həmçinin xatırladıb ki, müharibə zamanı kompleks strateji idarəetmə orqanının yaradılmasını təklif edib, lakin bu təşəbbüs reallaşdırılmayıb. Bu gün isə, onun fikrincə, hüquqi proseslərin hədəfində əsasən hərbçilər dayanır ki, bu da real sistem problemlərini əks etdirmir.

Karapetyan bəyan edib ki, Ermənistan hakimiyyətin bölgüsünü, qarşılıqlı nəzarəti və milli təhlükəsizlik üzrə aydın məsuliyyəti təmin etmək üçün yarımprezident idarəetmə modelinə qayıtmalıdır.

O əlavə edib ki, idarəetmə sistemi dəyişdirilmədən dayanıqlı və effektiv dövlət qurmaq mümkün deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin