Erməni türkşünas: “İstanbul patriarxının son bəyanatı Türkiyə hakimiyyətinin onun vasitəsilə verdiyi bəyanatdır”

2026/02/1772253111.jpg
Oxunub: 456     22:31     08 Aprel 2026    
Bu günlərdə İstanbulun erməni patriarxı, arxiyepiskop Sahak Maşalyan Erməni Apostol Kilsəsi ətrafında baş verən vəziyyətlə bağlı bəyanat yayıb.

Ordu.az xəbər verir ki, erməni türkşünas Muşeğ Xudaverdyan Ermənistandakı vəziyyəti şərh edib.

Onun sözlərinə görə, İstanbulun erməni patriarxı Türkiyə hakimiyyətinin təsdiqi olmadan həmin kürsüdə ola bilməz.

“İstanbul patriarxı Türkiyə hakimiyyəti ilə uzlaşmayan bəyanatlar verə bilməz, o, yerli hakimiyyətin razılığı olmadan fəaliyyət göstərə bilməz. Bu halda çox mümkündür ki, o, bəyanatı Türkiyə hakimiyyətinin xəttinə uyğun olaraq verib.

Təkrar edirəm: Türkiyə hakimiyyətinin ürəyincə olmayan və ya onların iradəsi olmadan fəaliyyət göstərə bilən bir şəxs həmin vəzifəyə təyin oluna bilməz, bu istisna olunur”, - deyə Xudaverdyan bildirib.

Onun fikrincə, Türkiyə hakimiyyəti Ermənistanın hazırkı iqtidarını dəstəkləyir və bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan açıq şəkildə bəyan edib.

“Buna görə də Türkiyədən hakimiyyətə yönəlmiş yeni dəstək bəyanatlarının səslənməsi və hətta yeni addımların atılması istisna edilmir. Əgər Türkiyə hakimiyyəti zəruri hesab edərsə, İstanbul patriarxına təlimat verərək ondan yeni bəyanatlar verilməsini tələb edə bilər. Başqa sözlə, İstanbul patriarxının son bəyanatı Türkiyə hakimiyyətinin onun vasitəsilə verdiyi bəyanatdır. Türkiyədə bütün dini qurumlar hakimiyyətin nəzarəti altındadır və onların nəzarətindən kənar heç nə edə bilməzlər”, - deyə Xudaverdyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xudaverdyan   Ermənistan  


Bizi "telegram"da izləyin