“Azadlıq” radiosunun sərəncamında Ermənistanın xarici işlər nazirinin Brüsselə ünvanladığı məktub var. Həmin məktubda Ararat Mirzoyan fevralın 13-də çevik reaksiya qrupunun İrəvana göndərilməsini xahiş edib. Aİ ötən il Moldovada parlament seçkiləri zamanı Kişinyova da təxminən 20 nəfərlik oxşar bir qrup göndərmişdi. Məqsəd sosial şəbəkələrdə Rusiyadan yayılan dezinformasiyanın erkən aşkarlanması və qarşısının alınması istiqamətində Moldova hakimiyyətinə dəstək vermək idi.
Ordu.az xəbər verir ki, Ermənistanın “Milli öz müqəddəratını təyinetmə birliyi”nin lideri, erməni siyasi xadim Paruyr Hayrikyan Ermənistandakı vəziyyəti şərh edib.
Onun sözlərinə görə, Aİ bütövlükdə heç vaxt hansısa tərəfin xeyrinə seçkilərə müdaxilə edən bir presedentə malik olmayıb.
“Əlbəttə, Aİ-də elə şəxslər var ki, bu ölkədəki “çirkinliyin” guya avropayönlü, Avropa dəyər sisteminin tərəfdarı olduğunu düşünürlər və sair. Təkcə mənim konstitusiya layihəsi ilə bağlı işim bu məsələnin mahiyyətini tam açır, ona görə də bu, ən yaxşı halda bir illüziyadır.
Mənim heç bir qorxum yoxdur ki, Aİ-dən gələn müşahidəçilər birbaşa mənada Nikolun xeyrinə müdaxiləyə cəhd göstərə bilərlər. Onlar elə öz içlərindəcə dərhal cavab alacaqlar”, - deyə Hayrikyan qeyd edib.
Onun sözlərinə görə, iyun ayındakı parlament seçkilərinə hələ 2 ay vaxt var və buna görə də onun irəli sürdüyü təklif, əgər seçkilərdə iştirak edən qüvvələrin nümayəndələri bir qədər məsuliyyətli olsalar, çox şeyi dəyişə bilər.
“Ermənistana Aİ-dən gələn “çevik reaksiya qrupu” Nikol Paşinyanın qarşısında başqa bir sual qaldırmalıdır: niyə o, 7 il ərzində demokratiya layihəsini gizlədib? Bu istiqamətdə biz artıq addımlar atmışıq və düşünürəm ki, yaxın vaxtlarda bunun səsi də eşidiləcək”, - deyə Hayrikyan bildirib.
Rusiyanın Ermənistan əleyhinə hibrid müharibə apardığı barədə bəyanatlara toxunan Hayrikyan deyib ki, Rusiya yeni heç nə etmir.
Onun sözlərinə görə, 1991-ci il sentyabrın 21-də Ermənistanda bu yürüşün qarşısını alan ciddi addım atılıb və buna görə də Rusiya indi guya yeni nəsə edir demək düzgün deyil.
“Aİ dövlətlərin əməkdaşlıq ittifaqıdır və bu, hansısa bir dövlətin maraqlarından qorxmamağa imkan verir. Mən çox istərdim ki, Avropa dəyər sistemi Ermənistana nüfuz etsin. Söhbət kamil demokratiyadan gedir”, - deyə Hayrikyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az