Erməni ekspert: “Ermənistanda gündən-günə dərinləşən qütbləşmə baş verir, hətta 2 faiz inflyasiya belə insanlar üçün ağrılıdır”

2026/02/1772252939.jpg
Oxunub: 405     20:28     08 Aprel 2026    
Ermənistanın istehlak bazarında demək olar ki, bütün məhsullar bahalaşıb, halbuki maaşlar eyni qalıb. Yalnız bir neçə gün əvvəl Nikol Paşinyan bildirib ki, pensiyaçılara verilən pensiya aprelin 1-dən 10 min dram artırılacaq.

Ordu.az xəbər verir ki, Ermənistanın “Maarifləndirilmiş və qorunan istehlakçı” QHT-sinin rəhbəri, erməni ekspert Babken Pipoyan mövcud vəziyyəti şərh edib.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində vəziyyət fərqlidir.

“Məsələn, bəzi ölkələrdə inflyasiya ilə paralel olaraq minimum əməkhaqqı və pensiyalar indeksləşdirilir. Ermənistanda gündən-günə dərinləşən qütbləşmə baş verir, yəni orta təbəqənin bir hissəsi daha yaxşı yaşayır, digər hissəsi isə daha da yoxsullaşır.

Deyirlər ki, tox acın nə çəkdiyini bilməz. İndi insanlar öz mühitlərini, rifahlarını təmin etdikdən sonra, öz çevrələrindən kənarda rifahın necə olacağını müzakirə etmirlər.

Burada ölkə rəhbəri səviyyəsində deyilmiş “yoxsulluq bizim başımızdadır” ifadəsini də unutmaq olmaz. Bununla yanaşı, yalan var, statistika var və statistika ilə istədiyin mənzərəni çox gözəl təsvir etmək mümkündür”, - deyə Pipoyan bildirib.

Onun sözlərinə görə, aztəminatlı insanların gündəlik olaraq daha çox hansı məhsulları istehlak etdiyini və məhz həmin məhsulların nə qədər bahalaşdığını anladıqda, ümumi real mənzərə ortaya çıxacaq.

“Ölkəmizdə hətta 2 faiz inflyasiya belə insanlar üçün ağrılıdır. Halbuki dünya iqtisadiyyatlarında inflyasiyanın müəyyən bir səviyyəsi var ki, bu, iqtisadiyyatın, belə desək, “havasıdır”, o olmasa, iqtisadiyyat artmaz. Amma həmin ölkələr inflyasiya və iqtisadi artımla yanaşı, insanların gəlirlərinin də artımını təmin edirlər. Əgər insan 100 min dram qazanırsa, həmin 100 mini xərcləyir. Həyat 2 faiz bahalaşdıqda isə o, artıq 102 min xərcləməyə məcbur olur və çətinlik çəkir. Amma həmin şəxs üçün gəlir elə təmin olunsa ki, 108 min qazansın və 102 min xərcləsin, əminəm ki, o, inflyasiyadan hətta məmnun qalacaq, çünki ayın sonunda cibində 3000 dram qalacaq”, - deyə Pipoyan qeyd edib.

O, sözlərinə davam edərək bildirib ki, indiki bahalaşma fonunda kimin maaşının artdığını anlamaq lazımdır.

“Məsələn, elə bir idarə var ki, onun əməkhaqqı fondu 5 milyon dramdır, amma ayın sonunda idarə rəisinə 1 milyon dram mükafat verilir. Nəticədə bir nəfərin gəliri dörd dəfə artır, digərlərininki isə dəyişməz qalır.

Sosial ədalət prinsipinin tətbiqi vacibdir. Bu baxımdan, bu gün minimum əməkhaqqı alan şəxsin heç bir yerdən gəlir vergisi güzəşti almaması nə dərəcədə ədalətlidir? Axı minimum əməkhaqqı ilə ipoteka krediti verilmir, amma yüksək maaş alanın gəlir vergisi güzəşti var. Faktiki olaraq belə çıxır ki, 100 min dram alan şəxs 400 min alan şəxsdən daha çox vergi ödəyir.

Həmişə demişəm və yenə təkrar edirəm: saatın üzərində 12 rəqəm yazılıb, bizim hansı rəqəmi sevməyimizin fərqi yoxdur. Əgər əqrəblərdən biri hansısa rəqəmin üzərində daha uzun qalırsa, deməli, saat düzgün işləmir. Bu gün isə bizim icra və qanunverici hakimiyyət orqanları əqrəblərin hansısa bir rəqəmin üzərində daha uzun qalmasını sevir”, - deyə Pipoyan vurğulayıb.

O qeyd edib ki, əgər bu gün Ermənistanda inflyasiya narahatlıq doğurursa, dövlət onu cilovlayan siyasət aparmalıdır.

“Dövlət, məsələn, anlamalıdır ki, insanın 100 min dramı 103 min drama çevrilibmi? Əgər çevrilməyibsə, o zaman bahalaşmaya necə imkan verir?

İqtisadiyyatı boğmamaq şərtilə elə addımlar atılmalıdır ki, yaradılan gəlirlər ehtiyacı olan təbəqəyə çatsın. Əgər həmin təbəqə üçün uyğun gəlir təmin edə bilmirlərsə, o zaman onlar üçün adekvat proqramlar həyata keçirməlidirlər”, - deyə Pipoyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Pipoyan  


Bizi "telegram"da izləyin