Erməni ekspert: “Moldova ssenarisi” inkişaf edərsə, hamını mübarizəyə cəlb etməyə hazır olmalıyıq”

2026/02/1772252695.jpg
Oxunub: 377     16:11     08 Aprel 2026    
“İqtidar açıq mətnlə deyir: “Başqa qüvvələrin parlamentdə çoxluq təşkil etməsinə imkan verməyəcəyəm”. Siyasi-ictimai aktiv isə ciddi sima ilə cavab verir: “Moldova ssenarisini təkrarlayacaqlar”. Bəs sonra?”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, erməni ekspert Vahe Hovhannisyan yazıb.

Onun sözlərinə görə, iqtidarın başqa qüvvələrə çoxluq verməmək üçün bir qanuni yolu var: özü qanuni yolla çoxluq toplasın.

“Aydındır ki, bunu bacarmayacaq. Proksi qüvvələr yetişdirmək, onları parlamentə keçirmək və onlarla ittifaq qurmaq variantını da iflasa uğradıb. Qaldı digər “alətlər”: həbs etmək, iş açmaq, qeydiyyata almamaq, hədələmək və bu kimi üsullar.

İqtidar çox yaxşı bilir ki, kölgə razılaşmaları buz üzərində yazılmış sözlər kimidir. Hər şeyi ölkədəki ümumi mühit həll edəcək. Əgər mühit dəyişmiş olsa, heç bir razılaşma işləməyəcək. Məhz buna görə də iqtidar kimlərləsə əvvəlcədən nəyisə razılaşdırmaq üçün ciddi səy göstərmir.

Antiiqtidar düşərgəsində mümkün inkişaflara daha ciddi yanaşmağa başlamaq lazımdır. “Moldova ssenarisi olacaq” deyib sakit kampaniyanı davam etdirmək bir az ciddi yanaşma deyil”, - deyə Hovhannisyan qeyd edib.

Hovhannisyanın qiymətləndirməsinə görə, əvvəlcə dərindən anlamaq lazımdır ki, bu Moldova ssenarisi nədir.

“Onun mahiyyətini və texnoloji həllərini dərk etmək lazımdır. Dərk edilməlidir ki, iqtidar özünü yenidən seçdirmək naminə bütün mümkün gözlənilməz addımlara və sərt ssenarilərə gedəcək. Qarşı addımlar və müqavimət ssenariləri hesablanmalıdır. Onlar mövcuddur.

Bəs hesablamalar, təhlillər varmı ki, erməni “Moldova ssenarisi” hansı xüsusiyyətlərə malikdir? Hansı variantlar var, hər variant, o cümlədən iqtidar üçün hansı riskləri daşıyır? Əmin deyiləm”, - deyə o qeyd edib.

Hovhannisyan bildirib ki, müxalif sahə mümkün Moldova ssenarisi inkişaf edərsə, hamını mübarizəyə cəlb etməyə hazır olmalıdır, favoritləri də, qeyri-favoritləri də, iştirak edənləri də, etməyənləri də, bütün fəal çevrələri, günbəgün fəallaşan cəmiyyəti iqtidarın istənilən qanunsuz ssenarisinə qarşı mübarizəyə hazırlamaq lazımdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hovhannisyan  


Bizi "telegram"da izləyin