Ordu.az xəbər verir ki, bunu erməni siyasi texnoloq Vigen Hakobyan Ermənistan Baş naziri Nikol Paşinyanla Anna Hakobyanın ayrılmasına toxunarkən deyib.
O qeyd edib ki, bu prosesə münasibətdə kifayət qədər ciddi şübhə var və çoxları bunu real olaraq seçkiöncəsi prosesin bir hissəsi kimi qiymətləndirir. “Əgər bu addım hazırda Nikol Paşinyana lazım olmasaydı, əgər o hesab etsəydi ki, bu, onun reytinqini aşağı salır, onda bu bəyanat ən azı bu dövrdə, seçkilərə 3,5 ay qalmış səsləndirilməzdi. Heç nə mane olmurdu ki, hətta real əsaslar olsa belə, Anna Hakobyan 3-4 ay müddətinə çox səliqəli şəkildə gündəmdən çəkilsin. Üstəlik, çəkilmək üçün yeri də var idi: təhsil aldığı Çin. Bu isə o deməkdir ki, bütün bunlar Nikol Paşinyanın xəbəri və “dabro”su ilə olub”, - deyə o bildirib.
Anna Hakobyanın öz bəyanatında ona qarşı cinayət işi də açıla biləcəyini istisna etməməsinə toxunan Vigen Hakobyan bunu görüntü yaratmaq məqsədilə deyilmiş sözlər kimi qiymətləndirib: “Mən bunu istisna etmirəm, xüsusilə də PR və siyasi texnologiya baxımından çox şeyi izah etmək olar. O, həm də deyirdi ki, evi yoxdur, pulu yoxdur, zinət əşyalarını qoyub gedir, ümumiyyətlə paltarı yoxdur, paltarları ona başqaları verirdi. Yəni, təqib olunan, korrupsiyadan uzaq bir insan obrazı yaradır, öz arxasında dayaq formalaşdırır.
İki hədəf var: müxalif hədəf, müxalif auditoriya. Onlar üçün Anna Hakobyan, yumşaq desək, mənfi fiqurdur, hətta ona Nikol Paşinyandan da daha neqativ yanaşırlar. Anna Hakobyanı ayıranda, onun Nikol Paşinyana gətirə biləcəyi mənfi təsiri ayırmağa, yəni neytrallaşdırmağa cəhd edirlər.
Hakimiyyətə səs verən elektoratın bir hissəsinə gəldikdə isə, fanatiklərdən danışıram, onlar həmişə Anna Hakobyanı qısqanclıqla qarşılayıblar, hesab ediblər ki, yazıq Nikol Anna Hakobyan tərəfindən sıxışdırılır, o, oliqarxdır.
İndi isə bu addımla Anna Hakobyanın kifayət qədər böyük mənfi reytinqini Nikolun reytinqindən ayırmağa çalışırlar. Əgər Annanı Nikoldan ayırırsansa, bununla mənfi təsiri bir qədər azaldırsan”, - deyə erməni siyasi texnoloq bildirib.
Onun sözlərinə görə, ikinci məqam ondan ibarətdir ki, bundan sonra hakimiyyət elektoratı deyəcək: “yazıq Nikol pis təsirdən qurtuldu”.
“Əlbəttə, mən 100 faiz iddia edə bilmərəm ki, onların şəxsi münasibətləri mükəmməldir. Çox mümkündür ki, şəxsi münasibətlərdə obyektiv səbəblər var və hazırda bunlardan siyasi ssenarilərdə də istifadə olunur. Yəni bu evdə real əsaslar, problemlər ola bilər, amma indi onları istifadə etməyə çalışırlar”, - deyə erməni siyasi texnoloq qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az