Ermənistan KİV-i: Azad edildilər, amma… qaldılar: DİN-də qəribə kadr “dövriyyəsi”

2026/02/1772183056.jpg
Oxunub: 487     17:28     08 Aprel 2026    
Ermənistanın Daxili İşlər Nazirliyi sistemində növbəti kadr “hərəkəti” qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Azad edildilər, amma… qaldılar: DİN-də qəribə kadr “dövriyyəsi” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, eyni vaxtda üç yüksək vəzifəli şəxs polis rəisinin müavini vəzifəsindən azad edilib.

“Belə ki:

Ermənistan DİN-in Kriminal Polis Baş İdarəsinin rəisi, polis rəisinin müavini, polkovnik Vardan Vardanyan vəzifəsindən azad olunub. Onu polis polkovniki Artur Barseğyan əvəz edib.

Ermənistan DİN-in İcma Polisi Baş İdarəsinin rəisi, polis rəisinin müavini, polkovnik Karen Hakopyan da vəzifəsindən azad edilib. Onun yerinə vəzifələri polis polkovniki Karen Xaçatryan icra edəcək.

Ermənistan DİN-in Patrul Xidmətinin rəisi, polis rəisinin müavini, polkovnik Artur Xudinyan da tutduğu vəzifədən azad olunub. Onu isə polkovnik-leytenant Gevorq Zakaryan əvəz edib”, - deyə nəşr qeyd edib.

KİV yazıb ki, lakin ən maraqlı məqam bundan sonra başlayır.

“Daxili işlər nazirinin digər əmrləri ilə vəzifədən azad edilən həmin şəxslər nazirin birbaşa tabeliyində olan postlara təyin olunublar: Vardan Vardanyan və Karen Hakopyan nazirin müşavirləri, Artur Xudinyan isə nazirin köməkçisi təyin edilib.

Burada isə məntiqi sual yaranır: əgər onlar effektiv, etibarlı və peşəkar rəhbərlər idilərsə, niyə əsas sistem vəzifələrindən azad ediliblər? Əgər işlərində problem var idisə, niyə elə həmin gün nazirliyin aparatına müşavir və köməkçi statusunda keçiriliblər? Onlar hansı məsləhəti və ya yardımı göstərəcəklər ki, bunu əvvəlki yüksək vəzifələrində edə bilmirdilər?”, - deyə nəşr bildirib.

Müəllif sual verib ki, bu, məsuliyyət formasıdır, yoxsa sadəcə ictimai izahat olmadan həyata keçirilən kadr “yumşaq enişi”?

“Kriminal polis, icma polisi, patrul xidməti, bunlar sistemin onurğa sütunu sayılan strukturlardır. Belə miqyasda eyni vaxtda dəyişikliklər adətən aydın siyasi və ya idarəetmə əsaslandırmasına malik olur.

Lakin ictimaiyyətə hər hansı qiymətləndirmə və ya hesabat təqdim edilməyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Polis   DİN  


Bizi "telegram"da izləyin