Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Ara” ilə dövlət? Parlament sədrinin müavini vəzifəsini unudanda” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, söhbət dövlət düşüncəsindən, vəzifənin ləyaqətindən və institusional mədəniyyətdən gedir.
“Parlament sədrinin müavini vəzifəsini tutan Ruben Rubinyanın jurnalistlə “ara” deyə danışması artıq şəxsi büdrəmə deyil. Bu, münasibətdir. Bu, düşüncə tərzidir. Bu, hakimiyyət daxilində formalaşmış cəzasızlıq hissinin ifadəsidir”.
Parlament sədrinin müavini təsadüfi “feysbuk statusçusu” deyil. O, vəzifəsinə görə həm ölkə daxilində, həm də xaricdə dövlətin simalarından biridir. Onun hər sözü dost mühiti ölçüləri ilə deyil, dövlət məsuliyyəti meyarları ilə ölçülür. Jurnalistə “ara” deyirsənsə, sabah eyni tonda istənilən vətəndaşla da danışa bilərsən. Vəzifəli şəxs özünə küçə jarqonunu rəva görürsə, bu artıq siyasi mədəniyyətin deqradasiyasıdır”, - deyə nəşr bildirib.
KİV vurğulayıb ki, dövlət “ara” ilə idarə olunmur.
“Dövlət hörmətlə, institutlara hörmətlə, mətbuata hörmətlə, öz vəzifəsinə hörmətlə idarə olunur. Əks halda bu gün gördüyümüz mənzərə yaranır: vətəndaşdan özünü üstün tutan və hesabatlı yox, yuxarıdan baxan tonla danışan hakimiyyət.
Ən təhlükəlisi isə budur: belə davranış norma halına gələndə, cəmiyyət də tədricən öyrəşir ki, dövlət vəzifəsi dəyərdən salına bilər. Problem sözün özündə deyil.
Problem o sözü normal sayan düşüncə tərzindədir.
P.S. Bütün bunlara keşişlə “oğlan bazarı” üslubunda danışma faktını da əlavə edin, hər şey yerinə oturacaq…”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az