Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Tərəfdaşlıq pərdəsi altında: Ermənistan-ABŞ gündəmində hansı risklər formalaşır” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Qərb aktorlarının fəallaşması, İran ətrafında artan təzyiqlər və Ermənistanın geosiyasi baxımdan həssas mövqeyi ekspert dairələrində sual doğurur: İrəvan öz nəzarətindən kənar nəticələri olacaq daha geniş qarşıdurma məntiqinin içinə düşə bilərmi?
“Bir sıra mütəxəssislər hesab edirlər ki, tərəfdaşlıq və strateji əməkdaşlıq barədə səslənən ifadələrin altında ABŞ Ermənistanda təsirini dərinləşdirməyə çalışır və onu İran istiqamətində regional dayaq nöqtəsi kimi görür. Ermənistanın coğrafi mövqeyi, İranla sərhədi və kommunikasiya imkanları onu İranın təcridini və ya güc təzyiqinin artmasını nəzərdə tutan istənilən ssenaridə vacib halqaya çevirir.
Məsələ təkcə hərbi və ya təhlükəsizlik komponenti ilə məhdudlaşmır. İran ətrafında mümkün gərginlik halında Ermənistan humanitar nəticələri ilk hiss edən ölkələrdən biri ola bilər. Regionda genişmiqyaslı sabitliyin pozulması baş verərsə, İrandan insanların qonşu ölkələrə köçü istisna deyil. Bu axının istiqamətlərindən biri də Ermənistan ola bilər. Xüsusilə həssas məqam ondan ibarətdir ki, İranda azərbaycanlılar da yaşayır və gözlənilməz inkişaflar zamanı qarışıq qaçqın axınları mümkündür, bu isə təkcə sosial deyil, həm də siyasi nəticələr doğura bilər”, - deyə nəşr bildirib.
KİV vurğulayıb ki, bu ssenari bir neçə baxımdan təhlükəlidir.
“Birincisi, Ermənistanın məhdud resursları genişmiqyaslı humanitar böhrana tab gətirməyə yetməyə bilər. İkincisi, qaçqın axınının idarə olunması daxili siyasi gərginlik mənbəyinə çevrilə bilər. Üçüncüsü isə regional güc balansı şəraitində istənilən demoqrafik dəyişiklik informasiya və siyasi müstəvidə manipulyasiya edilərək əlavə risklər yarada bilər.
Ekspertlər həmçinin xəbərdarlıq edirlər ki, xarici siyasətdə tarazlığın pozulması Ermənistanı manevr imkanlarından məhrum edə bilər. Əgər ölkə hər hansı anti-İran planının aləti kimi qəbul edilərsə, avtomatik olaraq hədəfə çevrilmə riski altına düşər. Bu halda söhbət yalnız hərbi təhlükədən deyil, həm də iqtisadi, enerji və kommunikasiya təhlükəsizliyinə mümkün zərbələrdən gedir.
Ermənistan üçün əsas sual qalır: xarici əməkdaşlıq yalnız milli maraqların hesablanması əsasında qurulur, yoxsa ölkə üçün ağır nəticələrə gətirib çıxara biləcək proseslərə cəlb olunma formasına çevrilə bilər? Regionda istənilən gərginlik ilk növbədə sərhəd ölkələrinə zərbə vurur və İranla sərhədi olan Ermənistan obyektiv olaraq daha həssas vəziyyətdədir”, - deyə məqalədə qeyd edilib.
Müəllif yazıb ki, bu şəraitdə aydın strategiyanın formalaşdırılması prioritetdir.
“Soyuqqanlı hesablamalar, çoxvektorlu diplomatiya və mümkün humanitar ssenarilərə daxili hazırlıq zəruridir. Xarici aktorlar addımlarını nə qədər tərəfdaş dəstəyi kimi təqdim etsələr də, Ermənistan üçün həlledici meyar bir olmalıdır: bu addım ölkənin təhlükəsizlik və sosial risklərini azaldır, yoxsa artırır?
Geosiyasi oyunlarda kiçik dövlətlər tez-tez böyük planların kəsişməsində qalır. Ermənistanın qarşısındakı çağırış aydındır: heç bir gücün alətinə çevrilməmək və ölkəni yeni böhranlar qarşısında qoya biləcək ssenarilərin qarşısını almaq.
Regional proseslər fonunda ayıqlıq və tarazlaşdırılmış siyasət seçim deyil, mövcudluq zərurətinə çevrilir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az