KİV: Paşinyan qərbyönlü qüvvələri müxalifətə qarşı istifadə edir

2026/02/1772182231.jpg
Oxunub: 335     15:29     08 Aprel 2026    
“Hakimiyyət müxalifət sıralarında gedən proseslərdən ciddi şəkildə təşvişə düşüb, müxalif aparıcı partiyaları və ittifaqları seçkilərdə iştirak imkanından məhrum etmək üçün yollar axtarır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan qərbyönlü qüvvələri müxalifətə qarşı istifadə edir” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, “Moldova ssenarisi”ndən ilhamlanan Paşinyan hakimiyyəti əsas rəqiblərini həm də nəticəsiz mübahisələrə cəlb etməyə, ittihamlar irəli sürməyə, özünə sadiq Mərkəzi Seçki Komissiyası və məhkəmə-hüquq sistemi vasitəsilə müxalifəti parlament seçkilərində iştirak hüququndan məhrum etməyə çalışır.

“Bu məsələdə “Vətəndaş Müqaviləsi” partiyası öz üzvlərini deyil, ştatlı qərbyönlü fiqurları işə salır, onlar ictimai rəyin “zondajını” aparır və müxalifətə zərbə endirmək “missiyasını” üzərlərinə götürürlər. Bu sahədə də aydın rol bölgüsü aparılıb.

“Respublika” partiyasının hədəfində iş adamı və xeyriyyəçi Samvel Karapetyanın “Bizim Tərzimizlə” hərəkatı və “Güclü Ermənistan” partiyası dayanır. Qərbyönlü partiyanın sədri Aram Sarkisyan demək olar ki, hər gün müsahibələr verir və Samvel Karapetyanın komandasının qeydiyyata alınmamasını tələb edir. “Onların Moldovada olduğu kimi seçkilərdə iştirakına imkan vermək olmaz”, - deyə Sarkisyan bildirmişdi.

“Respublika Naminə” partiyasının sədri Arman Babacanyan isə, əldə etdiyimiz məlumata görə, Ermənistanın ikinci prezidenti Robert Köçəryandan qarşıdan gələn parlament seçkilərində iştirakının qadağan edilməsi tələbi ilə Baş Prokurorluğa və parlamentə müraciət edib”, - deyə nəşr qeyd edib.

KİV bildirib ki, özünü qərbyönlü elan edən bu seqment daim Nikol Paşinyanın zərbə qüvvəsi kimi çıxış edir və “milli qüvvələri” hədəfə almaq üçün ən çirkli tapşırıqlarda istifadə olunur: “Bunun əvəzində isə Paşinyan vaxtaşırı onlara “pay” atır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin